İran hökuməti kəndlərdə yaşayan, xüsusilə aşağı gəlirli ailələrdən olan məktəbliləri “şəhidlik” ideologiyası və cənnətə getmək vədləri ilə hərbi qruplara cəlb edir.
Son məlumatlara görə, beşinci sinif şagirdi olan 11 yaşlı Əlirza Cəfəri İran İslam Respublikasında “Bəsic” üzvü kimi xidmət edərkən həlak olub. Bu hadisə, “Human Rights Watch” təşkilatının SEPAH tərəfindən 12 yaşdan başlayaraq uşaqların “vətəni müdafiə edən döyüşçülər” kimi könüllü cəlb edilməsi kampaniyasının aparıldığını bildirməsindən sonra baş verib.
SEPAH-ın Tehrandakı 27-ci Məhəmməd Rəsulullah Diviziyasının rəsmisi martın 26-da bildirib ki, “İran üçün vətəni müdafiə edən döyüşçülər” adı altında mülki şəxslərin cəlb edilməsinə görə minimum yaş həddi 12 olaraq müəyyən edilib.
Yaxın zamanda yayımlanan qısa videoçarxda SEPAH rəsmisi 12 yaş 12 yaşdan yuxarı uşaqların “Bəsic” yarımhərbi qüvvələrinə qəbul edilməsinə qərar verildiyini bildirib. Onların böyük şəhərlərdə, o cümlədən Tehranda nəzarət-keçid məntəqələrində istifadə olunacağı qeyd edilib.
Bundan məqsədin isə hava hücumları, o cümlədən İsrail dronlarının hücumları zamanı uşaqların həlak olması halında bunu təbliğat vasitəsinə çevirmək, eyni zamanda SEPAH qüvvələrinin itkilərini azaltmaq olduğu iddia edilir.
Beləliklə, İran hökuməti bu yanaşma ilə iki tərəfli qazanc əldə etmiş olacaq. Məsələ ilə bağlı SEPAH rəsmisi Rəhim Nadəli İranın “Defa Press” agentliyinə danışıb:
"Bu kampaniyanın məqsədi mülki şəxsləri yemək bişirmək və tibbi xidmət göstərmək, ləvazimatları paylamaq və zədələnmiş evlərin bərpası, eləcə də nəzarət məntəqələrində personalın yerləşdirilməsi, əməliyyat və kəşfiyyat patrulları və nəqliyyat vasitələrinin karvanları kimi təhlükəsizlik fəaliyyətləri üçün qüvvələr cəlb etməkdir."
Bu, qeyri-etik hərəkətin bariz nümunəsi olmaqla yanaşı, müharibə cinayətidir. Bu, “Uşaq əsgərlər Konvensiyası”nıı pozumasıdır.
Human Rights Watch bildirib ki, “ölkənin bütün bölgələrində ABŞ və İsrail həyata keçirdiyi minlərlə hücum fonunda hərbi obyektlərdəki uşaqlar ciddi ölüm və yaralanma riski ilə üz-üzə qalıb. İran hakimiyyəti bu kampaniyanı ləğv etməli və ölkədəki bütün hərbi və hərbiləşdirilmiş qüvvələrə yaşı 18-dən az olan şəxslərin qeydiyyata alınmasını qadağan etməlidir”.
“Uşaqları, xüsusilə də 12 yaşlıları hərbi xidmətə cəlb edən belə bir kampaniya üçün heç bir əsas yoxdur. Bu, İran hakimiyyətinin əlavə canlı qüvvə əldə etmək naminə uşaqların həyatını riskə atmağa hazır olduğunu göstərir”,- “Human Rights Watch”ın uşaq hüquqları üzrə direktor müavini Bill Van Esveld deyib.
BMT-nin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəliyinin ofisi də vurğulayıb ki, “rolundan asılı olmayaraq, münaqişədə iştirak edən uşaqlar yüksək səviyyədə zorakılıq riski ilə üzləşirlər”.
Terrorizm üzrə ekspert Nur Dehri X platformasında yazıb ki, Cəfərinin SEPAH nəzarət-keçid məntəqəsində həlak olması “azyaşlıların müharibə şəraitində təhlükəsizlik qismində istifadə olunması ilə bağlı ciddi narahatlıqlar doğurur. Onun sözlərinə görə, uşaqların öldürülmək təhlükəsi ilə üzləşdikləri münaqişə zonalarına göndərilməsi, hakimiyyət orqanları tərəfindən Vilayət-i Fəqihə xidmət üçün şəhidlik kimi təqdim olunur və bu nəzəriyyənin tərəfdarları bu hərəkəti Mehdinin zühuruna şərayit yaratmaqla əlaqələndirirlər.
Ərəb mədəniyyəti üzrə ixtisaslaşmış israilli alim Mərdxay Kedar, İran rejiminin tərəfdarlarının Mehdinin dünya xaos içində olanda gələcəyinə inandıqlarını vurğulaıb. O, İranın son bir ayda atdığı addımların Mehdinin zühuruna səbəb olmaq üçün nəzərdə tutulduğunu iddia edir. Mərdxayın sözlərinə görə, İran rejimi üçün uşaqların SEPAH və “Bəsic” sıralarına cəlb edilməsi bu məqsədə doğru yeni bir addımdır.
“Human Rights Watch”ın məlumatına görə, İran illərdir 18 yaşdan kiçik uşaqları “Bəsic” qüvvələrinə cəlb edir və SEPAH Suriyadakı vətəndaş müharibəsi zamanı İran ərazisində yaşayan əfqan miqrant uşaqları da döyüşlərə göndərib. Təşkilatın sənədlərinə əsasən, 14 yaşlı uşaqların döyüşlərdə öldürülməsi halları qeydə alınıb. Bundan əlavə, 1980-ci illərdə İran-İraq müharibəsi zamanı yüz minlərlə uşağın cəbhəyə göndərildiyi və on minlərlə uşağın həyatını itirdiyi bildirilir.
On üç yaşlı çağırışçı Mərhəmət Balazadə 1984-cü ildə cəbhə xəttinə göndərilərək həlak olmuşdur. İran rejimi onu digər uşaq əsgərləri cəlb etmək üçün simvola çevirmişdi. O, Ərdəbil vilayətində, Azərbaycan sərhədinə yaxın Çaygermi kəndində yaşayan Güney azərbaycanlı bir ailədən idi. 1980-ci illərdə bu uşaqlardan minlərlə—12, 13, 14 və 15 yaşlarında olanlar—cəbhə xəttinə göndərilirdi, onlar xüsusən mina sahələri üzərində qaçmaq üçün hazırlanırdılar. Bu yolla minalar partlayır və İran əsgərlərinin İraqa hücum etməsi üçün yol açılırdı.
Təxminlərə görə, yalnız Güney Azərbaycanın vilayətlərindən təxminən 10 min uşaq İraqla müharibə zamanı cəbhədə həlak olub. Onlar “cənnətin açarı” vədi ilə aldadılırdı. Məktəblərdən cəlb edilən bu uşaqlar, mina sahələrindən keçərkən öləcəklərini bilə-bilə ön cəbhəyə göndərilirdi. Kənd məktəblərində oxuyan, xüsusilə aztəminatlı ailələrdən olan uşaqlar “şəhidlik” ideologiyası və cənnətə getmək vədləri ilə şirnikləndirilirdi.
“Human Rights Watch” təşkilatına görə, “BMT Təhlükəsizlik Şurası uşaqların cəlb edilməsini qətiyyətlə pisləmiş və baş katibin rəhbərliyi ilə bu halları ‘uşaqlara qarşı dəhşətli zorakılıq’ kimi qiymətləndirən hesabat mexanizmi yaratmışdır.” Uşaq Hüquqları Konvensiyası 15 yaşdan kiçik uşaqların hərbi xidmətə cəlb edilməsini qadağan edir. İranın imzaladığı, lakin ratifikasiya etmədiyi konvensiyanın əlavə protokolunda hərbi əməliyyatlarda birbaşa iştirak üçün minimum yaş həddi 18 olduğu göstərilir. İran 15 yaşdan kiçik uşaqların hərbi xidmətə cəlb edilməsini müharibə cinayəti hesab edən beynəlxalq qayda hüququna sadiqliyi barədə öhdəlik götürüb.
“Human Rights Watch”un nümayəndəsi Van Osveld qeyd edib ki, “bu çirkin siyasətdə iştirak edən məmurlar uşaqları ciddi və bərpa olunmaz zərərlərə, özlərini isə cinayət məsuliyyəti riskinə məruz qoyurlar. Bunn qarşısını almayan yüksək vəzifəli məsullar İranın uşaqlarına qayğı göstərdiklərini iddia edə bilməzlər”.
Beynəlxalq ictimaiyyətin gözlərini açması və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, uşaq əsgərlərdən istifadə etdiklərinə görə İranın dini rəhbərliyini və SEPAH komandirlərini məsuliyyətə cəlb etməsinin vaxtı çatıbdır.
Əhməd Obalı
visiontv.az