İran rəsmisinin etinasızlığı: Urmu gölü böhranı “marjinal” elan edildi
19.10.2024

İran parlamentində Təbrizin millət vəkili və hökumət nümayəndəsi Ruhullah Mötəfker Azad, Urmiya gölünün quruması böhranını “marjinal” adlandıraraq jurnalistlərdən bu mövzu ilə bağlı sual verməmələrini tələb edib. Təbrizli bir jurnalistin “Urmiya gölü ilə bağlı verdiyiniz vədlər niyə yerinə yetirilməyib?” sualına isə istehzalı şəkildə cavab verərək, jurnalisti aşağılayıb: “Biz olmasaq, bu adam çörək yeyə bilməz!”

Bu arada, üç gün əvvəl Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru, Urmiya gölünün son üç ildə ölçüsünün iki dəfə azaldığını açıqlayıb. Ətraf mühit mütəxəssisləri, Urmiya gölünün tamamilə qurumasının bölgədəki 14 milyondan çox sakinin həyatını təhlükə altına qoyduğunu və bu ərazidə kütləvi məcburi köçlə nəticələnə biləcəyini bildirirlər. Duz fırtınalarının yaranması Azərbaycan xalqının sağlamlığını ciddi təhdid etməklə yanaşı, beynəlxalq ekoloji fəlakətə də çevrilə bilər.

Qeyd edək ki, Ruhullah Mötəfker Azad, başqa bir təbrizli jurnalistin İran Mülki Aviasiya Təşkilatının Ata Təbriz Hava Yollarına məxsus təyyarələrdə türkcə salamlaşmanın qadağan edilməsi ilə bağlı sualını da “marjinal” adlandıraraq cavabsız qoyub.

visiontv.az