ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Vaşinqtonun Türkiyədəki səfiri Tom Barak bildirib ki, özəl Amerika şirkəti Bakı ilə İrəvan arasında sülh danışıqlarının irəliləməsi üçün Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürə bilər.
"Ermənistan və Azərbaycan arasında 32 kilometr yol üstündə mübahisə var, lakin bu, zarafat deyil. Cəmi 32 kilometr yol üzərində mübahisə on ildən artıqdır, davam edir", - Barak Nyu-Yorkda mətbuat konfransında jurnalistlərə bildirib.
Tom Barak deyib: "Beləliklə, Amerika "biz ona nəzarət edəcəyik" deyir. Bu 32 kilometrlik yolu yüz il müddətinə bizə icarəyə verin və hamınız bundan istifadə edə bilərsiniz. Lakin bu qəbilə baxışları hələ də mövcuddur və yoxa çıxmır”.
Barakın açıqlamaları ABŞ-nin yeni prezidenti Donald Tramp administrasiyasının bu marşrutun, məsələn, “qərəzsiz qarant” rolunu oynayacaq özəl Amerika kommersiya şirkəti tərəfindən idarə olunmasını təklif etməsinin ilk rəsmi təsdiqidir.
visiontv.az