İran–ABŞ memorandumu: Qlobal güc balansına yönəlmiş simvolik siyasi mesaj
19.06.2026

İran–ABŞ memorandumunun Versal sarayında imzalanması təkcə diplomatik görüntü yaratmaq məqsədi daşımır. Donald Tramp və Emmanuel Makron bu mərasimlə güclü siyasi mesajlar ehtiva edən simvolik bir hadisəni qlobal ictimaiyyətə təqdim etdilər.

Donald Trampın iştirakı ilə baş tutan bu mərasimin Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi rəsmi şam ziyafəti zamanı həyata keçirilməsi heç də təsadüfi deyil. Bu seçim diplomatik prosesin həm məkan, həm də siyasi simvolika baxımından xüsusi şəkildə dizayn edildiyini göstərir.

Fransa bu addımla bir neçə strateji məqsəd güdürdü. İlk növbədə, Versal sarayının seçilməsi sənədə adi texniki razılaşma deyil, “tarixi hadisə” statusu qazandırır və onun siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır. Bu isə beynəlxalq ictimai rəydə prosesin əhəmiyyətini daha da yüksəltməyə xidmət edir.

İkincisi, Emmanuel Makron bu cür yüksək profilli diplomatik səhnələr vasitəsilə Fransanın qlobal siyasətdə vasitəçi və yönləndirici aktor kimi mövqeyini gücləndirməyə çalışır.

Üçüncüsü, Versal kimi simvolik məkanlar güclü media effekti yaradaraq diplomatik prosesləri qlobal informasiya gündəminin mərkəzinə gətirir.

Dördüncüsü isə bu format Fransanın aparılan bütün proseslərin kənarında deyil, məhz mərkəzində olduğunu nümayiş etdirir.

Bu baxımdan, bəzi region ölkələrinin – o cümlədən Pakistan, Qətər və digər vasitəçilik iddiası irəli sürən aktorların – prosesdə əsas strateji dizaynedici güc deyil, daha çox kommunikasiya və mesaj ötürücü rolunda qaldığı vurğulanır.

Eyni zamanda bu hadisə İran rejiminə də yönəlmiş diplomatik jest sayılır çünki Versalda keçirilən bu mərasimlə Fransa Tehrana açıq şəkildə mesaj verir ki, regional və qlobal oyunların hansı tərəflər tərəfindən başladılmasından asılı olmayaraq, onların istiqamətini müəyyən edən əsas güc mərkəzlərindən biri də Parisdir. Bu səbəbdən Fransa prosesdən kənarda qalmağı qəbul etmir və özünü danışıqların ayrılmaz hissəsi kimi görür.

Bu kontekstdə hesab edirəm ki, İsrail dövləti bütün bu kimi diplomatik səhnələşdirmə oyunlarını daha dərindən incələyəcək və Trampla Netaniyahu arasında yaranan sorunların mahiyyətini düzgün araşdıracaq. Yəni diplomatik “oyunların” arxasında kimlərin real dizaynedici güc olduğunu görmək onların oyunlarını puça çıxaracaq imkanları dəyərləndirmək lazımdı.

Sadiq İsabəyli

visiontv.az