İnsan alveri qurbanlarına yardım əli uzadıldı
26.11.2019

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri qurbanlarına və insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməkdə davam edir.

Təşkilatın mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, 18-19 noyabrda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Gəncə şəhərində “Təmas” Regional İnkişaf İctimai Birliyinə aid 20 nəfər insan alveri qurbanları və potensial zərərçəkənlər üçün "Əsas bizness bacarıqları" təlimi keçirmişdir.

“Azərbaycanda insan alveri qurbanlarına birbaşa yardım göstərilməsi və sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə onların ehtiyaclarının həll edilməsi” layihəsi çərçivəsində təşkil olunan təlim zamanı iştirakçılara biznesin əsas anlayışları olan “biznes konsepsiyasına giriş”, "sərmayə", "marketinq", "biznes planının tərtibı" tədris olunmuş və biznes ideyalarına, bacarıqlarına və maraqlarına əsaslanaraq "biznes planlarının" hazırlanması öyrədilmişdir.

Təlimin ardından iştirakçılar öz biznes planlarını hazırlayaraq qiymətləndirilmək üçün təqdim etmişlər. Bundan sonra təlimi başa vuran iştirakçılara fərdi ehtiyaclara uyğun hazırlanmış qrantlar verməklə potensiallarının gücləndirilməsi nəzərdə tutulur.