İranın Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyi üçün Avropa İttifaqı və Böyük Britaniyanın Tehrana qarşı yeni sanksiyalarını əsassız adlandırıb.
"Ukrayna prezidenti İranın heç bir ballistik raketinin Rusiyaya ixrac edilmədiyini etiraf edib, bu addım Avropa İttifaqı və Böyük Britaniyanın İrana qarşı sanksiyalar tətbiq etməsinə haqq qazandıra bilməz" - deyə, nazirliyin sözçüsü Esmael Bəqai bildirib.
Çərşənbə axşamı günü Xarici İşlər Nazirliyi yeni sanksiyalara etiraz olaraq Aİ-yə sədrlik edən Macarıstanın səfirini çağırıb.
Bazar ertəsi Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyi iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib, o cümlədən milli dənizçilik şirkətini, dronları və raketləri ötürmək üçün istifadə edilən gəmiləri və limanları hədəf alıb.
Buna paralel olaraq, Böyük Britaniya da bazar ertəsi günü İrana qarşı yeni sanksiyalar elan edərək, İran İslam Respublikasının Gəmiçilik Xəttinin aktivlərini dondurub. Sanksiyalar həmçinin Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər və hərbi ləvazimatlar daşıdığına görə İran Air milli aviaşirkətini də əhatə edib.
Britaniyanın Xarici İşlər Naziri Devid Lammi “İranın qlobal təhlükəsizliyi pozmaq cəhdlərini təhlükəli və qəbulolunmazdır” adlandırıb. O deyib ki, İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə dəstəyini dayandırmağa çağırırıq.
Sanksiyalar İran Air-in Böyük Britaniya ilə birbaşa kommersiya hava xidmətlərini daha da məhdudlaşdıracaq.
Böyük Britaniya həmçinin Rusiya üçün hərbi təminatları daşıyan PORT OLYA-3 adlı yük gəmisini sanksiyaya məruz qoyub.
İran dəfələrlə Qərbin Kyivə qarşı istifadə üçün Moskvaya raket və ya pilotsuz təyyarələr verməsi ilə bağlı ittihamlarını rədd edib.
Sanksiya elanından əvvəl xarici işlər naziri Abbas Araqçi deyib ki, Aİ gəmiçilik xətlərini hədəf almaq üçün “mövcud olmayan raket bəhanəsindən” istifadə edir.
"Belə davranışın heç bir hüquqi, məntiqi və əxlaqi əsası yoxdur.Gəmiçilik azadlığı dəniz hüququnun əsas prinsipidir” - deyə, Araqçi X-də yazıb.
İran iqtisadiyyatı Vaşinqtonun 2018-ci ildə İran və dünya qüdrətləri arasında imzalanmış mühüm nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra ABŞ-ın sanksiyalarından əziyyət çəkir.
Bəqai deyib ki, İrana qarşı “iranlıların maraqlarına və fundamental hüquqlarına təsir edən yeni sanksiyalar insan haqlarının sistematik şəkildə pozulmasının bariz nümunəsidir. İran İslam Respublikası öz maraqlarını və milli təhlükəsizliyini təmin etmək üçün tərəfdaşları ilə əməkdaşlıq imkanlarından istifadə edəcək".
visiontv.az