Həmədanlı yazıçının həbs müddəti uzadıldı
18.10.2024

Güney Azərbaycanın Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair, yazıçı və ictimai fəal Əli Cahanianın həbs müddəti daha 1 ay uzadılıb.

Bu abrədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, sentyabrın 9-da təhlükəsizlik məmurları şairin evinə hücum edib, onu və həyat yoldaşı Firiştə Surini həbs edib, mənzildə axtarış aparıb, azərbaycanlı cütlüyə məxsus komputer, telefon və başqa əşyaları müsadirə ediblər.

Azərbaycanlı yazıçı 16 gün Nəhavənd şəhərinin təhlüksizlik idarəsinin təcridxanasının təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Həmədan həbsxanasına köçürülüb. 

Bir neçə saatdan sonra yazıçının xanımı sərbəst buraxılsa da, sentyabrın 11-də yenidən saxlanılaraq Məlayir şəhərinin həbsxanasına köçürülüb.

Əli Cahanianın həbsi sosial mediada hakimiyyəti sərt tənqid edən video paylaşdıqdan sonra baş verib.

Şair, İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qısasını alacağı barədəki bəyanatlarını tənqid edib:

"Həsn Nəsrullahlar, İsmayıl Haniyələr iranlı gənclərin saçının bir tükünə dəyməzlər, xalqın dərdi HƏMAS, Hizbullah, Livan, Qəzza, hicab və ərbəin mərasimləri deyil. Edamların sayını artırmaqla xalqı qorxudub susdura bilməyəcəksiniz. Siz İsmayıl Haniyənin qısasını almaq istəyirsiz, biz isə öldürdüyünüz gənclərimizin qısasını sizdən alacayıq".

Qeyd edək ki, azərbaycanlı şair bundan əvvəl də tənqidi yazıları və çıxşlarına görə, dəfələrlətəzyiqlərə məruz qalıb və həbs olunub.

visiontv.az