İlham Əliyevin bir cümləsi
İlham Əliyevin bir cümləsi
28.01.2022 Alqış Musayev Tərəfindən

Bir cümləyə sığan strategiyanın gücü. Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq... Sarkisyan bir cümlənin gücünü etiraf edir - Ermənistan tarixdən kənarda qalan ölkəyə çevrilib...

Yanvarın 12-də Azərbaycan Prezidentinin yerli kanallara verdiyi müsahibə ictimai-siyasi düşüncə üçün qənimət bir mətndir.

İlham Əliyevin bütün çıxışlarında, açıqlamalarında olduğu kimi: müsahibənin hər sözü bir fikirdir, hər cümlə bir mövqe, hər keçid bir xarakterdir!

Hər abzas bir istiqamətdir, konseptual baxışdır - ölkənin, coğrafiyasının perspektivini müəyyənləşdirən xətdir!

Bu müsahibədə də İlham Əliyev tək ölkəsinin deyil, bütöv bölgənin LİDERİ kimi danışır və görünür.

İntellekt, təcrübə öz sözünü deyir.

Bütün bunlar öz yerində.

Mənim diqqətimi Prezidentin müsahibəsindəki bir məqam xüsusilə cəlb etdi.

44 günlük Vətən müharibəsindən söz açarkən Cənab Prezident deyir: “Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidi”.

Mən məhz bu cümləni nəzərdə tuturam - vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq...

Müsahibənin bütün dadı, duzu, mayası, canı, nəfəsi buradadır.

Təkcə bu müsahibəninmi?

Bu cümlədə İlham Əliyevin ümumi liderlik, dövlətçilik fəlsəfəsi ehtiva olunur.

Təkcə İlham Əliyevinmi?

Bu cümlə bütün Azərbaycanın zəfər düsturudur.

44 günlük savaşın kodu, qələbə formatıdır.

Bu cür, bu miqyasda düşünmək və bu düşüncəni sərrast ifadə etmək üçün prezident olmaq, liderlik etmək yetərli deyil.
Bu düşüncə və cümlə müdrik bir dövlət adamının təfəkküründən süzülüb gəlir.
Bu bir mütəfəkkir Liderin mükəmməl qənaətidir.

“Vaxtı düzgün seçmək...”

O qədər də asan olmadı.

O günü, o tarixi təyin etmək üçün düz 2020-ci ilin 27 sentyabrına qədər gözləmək gərəkdi.

“Siyasətdə qabağa qaçmaq olmaz”, - deyirdi Ulu Öndərimiz .

İlham Əliyev - “hər şeyin öz vaxtı var” - deyir.

Əslində, Azərbaycanın iki qurtuluş günündən bəhs olunmalıdır.

1- ci tarix - 1990-cı ilin 21 yanvarıdır.

Mahiyyətcə qurtuluşçuluq missiyası1990-cı ilin 21 yanvarından başlayır.

Həmin gün Heydər Əliyev Bakıda yerlə-yeksan olmuş Azərbaycan xalqını yerdən götürüb ayağa qaldırdı, bükülmüş belini düzəltdi.

Kremlin gözünün içinə baxa-baxa...

Və bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı kimsəsiz deyil, onun sahibi - Heydər Əliyev kimi oğlu və Lideri var.

Heydər Əliyev ikinci dəfə 1993-cü ilin 15 iyununda eyni və tarixi işi icra etdi.

Param-parça, çilik-çilik edilmiş Azərbaycan dövlətini yerdən qaldırdı.

Amma...

Təbii ki, Azərbaycan birdən-birə dövlət və birdən-birə dövlətli olmadı.

Qarşıda əzablı, iztirablı yolları keçmək sınağı dayanırdı.

Hakimiyyətinin ilk illərində Heydər Əliyev əlində Azərbaycanın xəritəsi Avropanı qarış-qarış, addım-addım gəzirdi.

Vəfa Quluzadənin bir xatirəsi yerinə düşür.

Dövlət müşaviri kimi bir çox hadisələrə şahidlik etmiş Vəfa müəllim danışırdı ki, ATƏT-in həmsədrlərindən biri, rusiyalı Vladimir Kazimirov Bakıya gəlmişdi.

Prezidentin qəbulundaydıq. Heydər Əliyev Kazimirovla çox sərt söhbət etdi.

Əlini stola necə vurdusa, Kazimirovun qabağındakı çay aşıb qonağın üstünə töküldü. Yekunda Heydər Əliyev rusiyalı həmsədrə xəbərdarlıq edirmiş kimi dedi:

Siz elə bilirsiniz Azərbaycan həmişə belə zəif olacaq?

Anbaan, günbəgün, ilbəil Azərbaycanın zəif vaxtları keçmişə dönürdü.

Azərbaycan dövlətçiliyi bir dahinin əlindən yapışıb qədd-qamətini bərpa edir kövrək addımlarını bərkidir, dövlətlənirdi...

Amma hələ ki, həmin vaxt yetişməmişdi.

“Avantüraya getmək, ölkəni risk altına qoymaq” olmazdı.

Avantüristlər isə bir deyil, iki deyil, dörd tərəf belələriylə doluydu.

Daxili avantüristlər bir başqa mövzudur.

1993-cü ilin fevral ayı Bakıda Əbülfəz Elçibəylə görüşən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idarəçilikdə, xarici siyasətdə buraxılan ciddi səhvlərdən danışır, cəbhə liderinə öz iradlarını bildirir.

Əbülfəz Elçibəy bərbad AXC- “Müsavat” idarəçiliyinə bəraət qazandırmaq üçün, “təzə gəlmişik hakimiyyətə, biz hələ öyrənirik”, söyləyir.

Onda Ulu Öndərimiz bütün dövrlər və bütün siyasətçilər üçün aktual səslənən örnək bir cavab verir.

“Öyrənirsinizsə, bu, yaxşı haldır.

Öyrənin!

Ancaq yadınızda saxlayın - Xalq heç bir halda heç kim, heç bir hakimiyyət üçün təcrübə materialı ola bilməz!”

1992-93-cü illər mənim yaddaşımda bir tanışımın qeyri-adi davranışıyla qalıb.

O adam düz bir il evdən eşiyə çıxmadı. Evə qapandı.

“Utanıram dövlətimin, xalqımın adına bizə gör kimlər rəhbərlik eləyir” - deyib, yana-yana gileylənirdi..

Arada bir ona baş çəkirdim.

Yarıciddi, yarızarafatla soruşurdu, nə xəbər var, bu avantüristlər hələ hakimiyyətdədirlər?...

Prezidentliyi dönəmində -10 il ərzində Heydər Əliyev avantüristlərə imkan vermədi.

Bir də ki, avantüra cəhdləri təkcə daxildən gəlmirdi.

Nəzərə alaq ki, ölkəmiz dövlətçiliyi üçün o qədər də əlverişli olmayan bir məkanda yerləşir.

Yaşadığımız mühitin həssaslığını və mürəkkəbliyini Heydər Əliyevin bir fikriylə canlandırmaq olur:

“Bizim xarici siyasətimiz nazik sap üzərində gerçəkləşən gedişə bənzəyir.

Son dərəcə ehtiyatlı və tədbirli olmalıyıq!

İlham Əliyev nazik sap üzərində yürüdülən xarici siyasət xəttinə daha dəqiq və işlək bir məzmun əlavə edib:

“Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır”.

Hakimiyyətdə olduğu gündən İlham Əliyev yerli və xarici avantüristlərə Azərbaycan xalqından və gənc Azərbaycan dövlətindən təcrübə materialı kimi yararlanmaq şansı vermədi.

İlham Əliyevə olan basqıların, təzyiqlərin əsasında da elə bu amil dayanırdı.

İnsan haqları, demokratiya adı altında edilən hücumların məqsədi başqaydı.

İlham Əliyevi haqlı və prinsipial mövqeyindən çəkindirmək istəyirdilər.

Alınmadı!

Azərbaycan Prezidenti dözürdü və döyüşürdü..

Onun göstərdiyi böyük səbrin arxasında böyük ağıl dayanırdı.

Hələ zaman yetişməmişdi.

Xudafərin körpüsünün yanında, Araz çayının qırağında “Azərbaycan xalqına qarşı səslənən əsassız ittihamlar cavabsız qalmayacaq” bəyanatına qədər hələ bir xeyli müddət vardı.

Gözləmək lazımdı - Riskə getməmək və maksimum nəticə əldə etmək üçün.

“Az itki - maksimum uğur!”

Bölgənin iqlimini, xalqın taleyini, tarixini dəyişən uğur modeli.

“Az itki - maksimum uğur” - Azərbaycan xalqını, dünya azərbaycanlılarını hər yerdə başı dik, alnı açıq, üzü ağ edən bir cümlə!

44 günlük Vətən savaşı məhz bu cür aparıldı.

Savaşda itkilərin minimum həddi nəticələrimizin maksimum həddini təmin etdi.

Müharibədə vaxt amili həlledici faktordur.

Vaxt düzgün seçildi.

Və vaxt itkisinə yol verilmədi.

Azərbaycanın Ali Baş Komandanı əsgəriylə 44 gün ərzində ən azı 200 illik bir məsafəni qət etdi.

Milli Ordumuzun sıralarından bir nəfər belə fərarilik etmədi.

Halbuki erməni ordusunda fərarilik edən hərbçilərin sayı 10 minləri keçmişdi.

Düşmən tərəfin məhv edilən silah sursatının maddi dəyəri bir neçə milyard dollarla ölçülür.

Və buraya hərbi qənimətlər parkında nümayiş etdirilən texnikanı əlavə etsək, daha dolğun mənzərə yaranır.

44 gün ərzində Azərbaycanın hərb maşını dəqiq işlədi.

Döyüş tapşırıqları cədvəl üzrə yerinə yetirildi.

Baxmayaraq ki, müharibədən əvvəl, hətta Tovuz döyüşləri ərəfəsində müxalifətin bəzi nümayəndələri Azərbaycan Ordusunu ləkələməyə çalışır, silah-sursat resurslarımızın döyüşə yararlı olmadığını iddia edirdilər.

Belə əsassız iddialara rəğmən, erməni tərəf döyüş meydanında Milli Ordumuza məxsus hər hansı texnikanın, hər hansı silahın yararsız olduğu barədə bircə fakt belə aşkar edə bilmədi.

İndi - indi etiraf olunur ki, hətta Qarabağ konfliktinin mövcudluğunda daha çox maraqlı olanlar belə 44 günlük savaşın bu qədər “opreativ və səmərəli olacağını” gözləmirmişlər.

Azərbaycan Vətən müharibəsini 4 qat qələbə ilə yekunlaşdırdı.

1. Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın edib.

2. Azərbaycan bir qalib dövlət olaraq düşmən dövlətə kapitulyasiya aktı imzalatdırıb.

3. Azərbaycan xalqı uzun illər ona aşılanmış özünə inamsızlıq səddini aşıb.

Uzun müddət tərəddüd etmişik, biz ermənilərə, onun havadarlarına qalib gələ bilərikmi?

Biz Qalib gəlməyi bacardıq!

27 sentyabr həm də qalib xalqın təvəllüd tarixidir.

4. Azərbaycan geosiyasəti udub.

Regionun siyasi-iqtisadi-hərbi mənzərəsini müəyyən edən ölkə statusunu qazanıb.

Bizim 4 qat qalib olmağımız Ermənistanın 4 qat məğlubiyyət yaşaması deməkdir.

1. Ermənistanın ordusu çöküb.

Özü də uzun müddətə.

Bu ordunun nə vaxtsa dirçələcəyi barədə kimsə optimist proqnoz verə bilməz.

2. Ermənistan bir dövlət kimi var olması çox böyük suallarla üz-üzədir.

3. Ermənistan (ermənilər) neçə əsrlərdi ki, öz uydurduğu yalanlarına uduzub.

Xəyal qırıqlığına uğrayıb.

Bu bir intihar aktıdır.

4. Ermənistan geosiyasəti uduzub.

Azərbaycan Liderinin təbiriylə desək, Ermənistan artıq geosiyasi dalandır.

Hazırda Ermənistan iqtisadi-siyasi-hərbi baxımdan lazımsız, qonşuları, havadarları üçün əlavə bir yükdür.

Ermənistanın hazırkı boyasız və çılpaq halını yanvarın 23-də istefa ərizəsi yazan Ermənistan prezidenti Armen Sarkisyan müəyyənləşdirdi.

Artıq sabiq prezident Sarkisyan səlahiyyətlərinin məhdudluğundan şikayətlənir.

Yazır ki, əlimdə konkret rıçaqlar yoxdur.

Burada təəccüblü nə var ki, Ermənistan prezidenti elə Ermənistan dövlətinin özünə oxşayır.

Necə ki, Ermənistan guya dövlətdir, amma dövlət funksiyasını yerinə yetirmək imkanından məhrumdur.

İstefaya getməkdən başqa çıxış yolu qalmayan gücsüz, aciz, miskin Armen Sarkisyan tarixdən kənar qalan Ermənistanın özüdür, gerçək obrazıdır.
 

Tarixin kənarında qalmış ölkə...

Bu, Azərbaycan Prezidentinə məxsus bir cümlənin gücünü etiraf etməkdir.

Azərbaycan isə bu gün təkcə bölgənin önündə deyil, tarixin önündə addımlayır.

İlham Əliyev ölkəsinin, bölgəsinin, tarixinin ən legitim Lideridir!

Amma unutmamalıyıq.

Azərbaycan irəlilədikcə anti-Azərbaycan, anti-Əliyev fəaliyyəti göstərən şər maşını da fəallaşır...

Unutmayaq ki, naşı deyillər.

Hiyləgərlikləri yerində, yatağındadır.

Tariximizi bilirlər.

Coğrafiyamıza yaxşı bələddirlər.

Həssas nöqtələrimizi, mərhəm mövzularımızı ustalıqla ayırd edə bilirlər.

Həssas mövzu demişkən...

Şəhid adından, şəhadət mövzusundan riyakarcasına yararlanırlar.

Özünü dövlətçi qiyafədə təqdim edən bir “facebook” profili var.

Bir neçə gün öncə bir paylaşımı ilə rastlaşdım:

“Ərdoğan yeganə dövlət başçısıdır ki, şəhid yasında iştirak edir, şəhid tabutunun altına girir”.

Məqsəd nədir?

Türkiyə Prezidentini təbliğ etmək?

Əsla yox!

Ərdoğan, şair demişkən, bizim qan, can, şan qardaşımızdır!

Bunu yaxşı bilirik.

Amma burada hədəf, niyyət özgədir.

Belələri bilməlidir ki, İlham Əliyev şəhid tabutunun altına girməkdən daha müqəddəs işlər görüb və görməkdə davam edir.

Digər bir misal.

Şəhid anasından (analarından) çirkli proyektlərdə istifadə etmək cəhdləri səngimir.

Başımızın tacı Səmayə xanımı - şəhid generalımız Polad Həşimovun anasını əvvəlcə siyasiləşdirməyə çalışdılar.

Məgər təsadüfi idimi, onun Rəsulzadənin məzarı üstündə çəkdirdiyi şəkilləri yaymaq?

Sanki hansısa seçki kampaniyasına qoşulacaq kimi

Sonra?

Sonra da Ordu rəhbərliyi haqqında qeyri-dəqiq fikirləri onun dilində səsləndirdilər.

Əlbəttə ki, Səmayə xanımın belə məkrli oyunlardan xəbəri ola bilməzdi, sadəcə onun səmimiyyətindən sui-istifadə olunub.

Məşhur ifadədə deyildiyi kimi:

Düşmən yatmır.

Marığa yatıb fürsət gəzir.

Bəzən biz özümüz şər maşınının işini asanlaşdırırıq .

Ya bilərəkdən, ya da düşüncəsizlikdən.

Son günlər belə xahişlərlə üzləşirəm:

Müəllim (deputatın köməkçisi danışır) istəyir ki, yazısı “Yeni Azərbaycan” qəzetində getsin.

Getsin deyirik, nə problem ola bilər ki?

Yazı çap olunur, maraqlanırıq.

Müəllim qəzeti alıb? “Yox”, deyirlər.

Sayta baxmısız? “Yox”, deyirlər

...Sonra növbəti xahiş səslənir.

Yazının linkini bizə ata bilərsiniz.

Bu, dövlətə, Prezidentə xidmət etmək deyil.

Sadəcə göstəridir.

Bu iş görmək deyil, işin şəklini çəkməkdir.

İşin şəklini çəkmək isə birbaşa dövlətin, Prezidentin deyil, şər maşınının işinə yarayır.

Bu misalları nə üçün çəkirəm?

Real vəziyyəti aydınlaşdırmaq üçün.

Amerikalı senator Riçard Luqar ölkəmiz haqqında danışarkən belə bir fikir söyləmişdi: Azərbaycan təhdid və təhlükə dolu bir məkanda yerləşır.

Azərbaycan Prezidenti belə bir həssas məkanda, sosial immunitetinin zəif, dövlətçilik əxlaqının günün tələb etdiyi dərəcədə formalaşmadığı, xarakterinin hələ kövrək olduğu bir cəmiyyətlə ölkəsini bölgənin və tarixin önünə çıxarmağı bacardı.

İlham Əliyevin liderliyi Prezidentliyin və Ali Baş Komandanlığın hüdudlarına sığmır.

O, neçə əsrlik zorun, təhdidin qarşısında dayana bilən bir milli müqavimət savaşının Qüdrətli Lideridir.

Azərbaycan Prezidenti öz nümunəsində liderliyin alternativsiz əlifbasını təqdim edir.

1. Sən lidersənsə, hər sözün, hər addımın, hər davranışın güvənc hissi doğurmalıdır.

İlham Əliyevi görən, ona qulaq asan hər kəs ona inanmaq, ona güvənmək istəyir.

Və ona inanırlar, etibar edirlər, birmənalı olaraq güvənirlər.

2. Sən lidersənsə, səninlə hesablaşmalıdırlar.

Prezidentin doğum günü ərəfəsində yerli kanallara danışan Vladimir Putin deyir:

“Hər məsələdə İlham Əliyevi razı salmaq asan deyil”.

Bu gün Azərbaycanla, onun Lideri ilə hesablaşırlar.

Çünki ölkəmizlə, onun gələcəyi ilə bağlı bütün qərarlar Bakıda, İlham Əliyev tərəfindən verilir

3. Sən lidersənsə, heç vaxt özünü vəziyyətdən asılı duruma salmamalısan.

Bu gün regiondakı vəziyyətin ahəngini İlham Əliyev diktə edir.

“Azərbaycan zəfər marşındadır” İfadəsi bəlaqət deyil, geosiyasi reallıqdır!

Bu geosiyası reallığı Prezidentin bir cümləyə sığışan strategiyası yaradıb:

“Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq...”

Əminik! Bu cümlənin hikməti və enerjisi Azərbaycanı növbəti mərhələyə də uğurla daşıya biləcək.

Daha az itki, daha böyük, maksimum nəticəylə!

Azərbaycan Prezidenti yerli kanallara müsahibə verəndən sonra bölgənin və dünyanın gündəmi dəyişir. Artıq nəzərəçarpacaq əlamətlər müşahidə edilir.

Alqış Həsənoğlu

yeniazerbaycan.com