ABŞ-İran anlaşma memorandumunda ən mübahisəli məqamlardan biri Hörmüz boğazınını gələcək statusu ilə bağlıdır. Memorandum mətnində qeyd olunur: “İran ticarət gəmilərinin Fars körfəzindən Oman dənizinə və əksinə (Hörmüz boğazı) 60 gün ərzində təhlükəsiz və sərbəst keçidini təmin edəcək. İran beynəlxalq hüquqa və boğazın sahil dövlətlərinin suveren hüquqlarına uyğun olaraq, Hörmüz boğazında gələcək idarəetmə və dəniz xidmətlərini müəyyən etmək üçün Oman və Fars körfəzinin digər sahil dövlətləri ilə məsləhətləşmələr aparacaq”.
Bu bənd müharibəni Hörmüz boğazına nəzarət fürsəti kimi qiymətləndirən İranın planına uyğundur və belə nəticə çıxır ki, təbii keçid olan boğazdan rüsum almaq beynəlxalq hüquqa uyğun olmasa da, Tehran 60 gün sonra bunu tətbiq edə bilər. ABŞ İranla atəşkəsə məhz boğazda keçid probleminin qlobal iqtisadiyyata mənfi təsirlərinə görə getmişdi və indi “qırmızı xətti”ndən geri çəkildiyi görünür. Lakin Hörmüzlə bağlı bənd İrana istədiyini verməkdən daha çox, tələyə bənzəyir.
Birincisi, məsələ regional münaqişə ocağına çevrilə bilər.
İranın Hörmüzə nəzarət imkanından imtina etməsi ehtimalı azdır, lakin bunu körfəz ölkələri ilə razılaşdırılmalıdır ki, Omanla dil tapsa belə, digər ərəb dövlətləri buna qarşı çıxacaq, eyni zamanda, boğazdan istifadə edən ölkələr, başda Avropa olmaqla, yeni sistemə qarşıdır. Bu halda İranın Hörmüzə nəzarət məsələsi birbaşa ABŞ-ın yaratdığı problem olmaqdan çıxaraq, regional münaqişə mənbələrindən birinə çevrilə və müharibə dövründə Vaşinqtonun yarada bilmədiyi anti-Tehran koalisiyasını aktuallaşdıra bilər. İstisna deyil ki, İranı atəşkəsə sövq etmək üçün Hörmüzlə bağlı bəndi memoranduma daxil edən ABŞ əslində gələcək problemin təməlini atır.
İkincisi, Hörmüz problemli marşruta çevrilir.
Müharibə boğazın perpektivini sual altına saldı və və İranın nəzarət cəhdləri bu riskləri daha da gücləndirə bilər. Bu, boğaza alternativ axtarışlarını aktuallaşdıracaq. Daha öncə də yazmışdıq: İsrailin əvvəldən gündəmdə olan “Fars körfəzinin neft-qaz resurslarının Səudiyyə Ərəbistanından keçərək, boru kəmərləri ilə Qırmızı dəniz və Aralıq dənizi sahillərinə nəql edilməsi, bu yolla Avropa bazarına çıxarılması” təklifi müharibənin gedişində yenidən aktuallaşdı. Bu, daha bahalı layihə olsa da, Hörmüzün təhlükəsizlik riskləri körfəz ölkələri və Avropanın da diqqətini bura yönəldə bilər. Bu kontekstdə ABŞ-la yanaşı, İsrail və ərəb ölkələri İranın Hörmüzə nəzarət istəklərini boğazda qarşıdurma məsələsinə çevrilməsinə çalışacaq. Və bu, keçiddən istifadə edən Çinin maraqlarına zərbə vurmaq baxımından da ABŞ üçün sərfəli görünür.
Bu ssenaridə İran ya Hörmüz planından imtina etməli və müharibədən əvvəlki vəziyyətə qaytarılması ilə razılaşmalıdır, ya da çətinliklər vəd edən nəzarətdə israr etməlidir. Hər iki halda Hörmüz məsələsi tələ kimi görünür.
Asif Nərimanlı
visiontv.az