Millət vəkili Sahib Alıyevin Milli Məclisdə cari məsələlər üçün ayrılan vaxtda nəzərdə tutulan çıxışı.
Hörmətli xanım sədr, dəyərli həmkarlar, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rossiya-1 telekanalına intervüsü gözlənildiyi kimi geniş reaksiya, bəlli çevrələrdə isə qıcıq doğurmalıydı ki, mən bu haqda danışmaq istəyirəm. Sonuncudan başlasaq, onun özünün də elə həmən intervüdə bildirdiyi kimi qərbdəkilər heç bir normaya sığmayan hərəkətlərinin qarşısında ilk dəfədir ki, susulmadığını, sərrast şəkildə yerlərində oturdulduqlarını görüb də qıcıqlanmaya bilməzdilər. Öyrəşəcəklər. Amma Avropa Parlamenti adlanan, təmsilçilərinin çoxu siyasi möhtəkir, korrupsioner və məsuliyyətini anlamayanlardan ibarət yığnağının gülüş qarışıq ikrah doğuran dünənki qətnaməsindən də görünür ki, heç kimin onları özünə müəllim tutmadığıyla hələ barışmaq istəmirlər.
Bəli, sözü gedən yığnağın dünənki qətnaməsinin arxasında da dövlət başçımızın heç vaxt olmadığı qədər sərt bir dillə tənqid etdiyi Fransa və onun böyüklüyündən əsər-əlamət qoymayan prezidenti durur ki, hətta qətnamənin mətnindəki bəzi maddələrdən məsələn, Avropa Komissiyasını enerji sahəsində Azərbaycanla strateji tərəfdaşlığa dair 2022-ci il anlaşma memorandumunu dayandırmağa çağırışdan da bu görünür. Xatırlamamış olmazsınız, həmən bu Makron məhz 2022-ci ildə böyük pafosla “ bizim dəyərlərimiz, prinsiplərimiz qaz və ya neftlə satın alına bilməz” deyirdi. Amma 2024-cü ilin aprelində “Politiko” nəşri “Qazprom”un Avropadakı müşətrilərinin siyahısına məhz Fransanın başçılıq etdyini və bu azmış kimi onun Rusiyadan aldığı sıxılmış qazın həcmini dayanmadan artırdığını yazmışdı. İndi siz deyin, prezident Makronla Molyerin Tartüfü arasında çoxmu fərq var?
Və belə biri hansı haqla digər Avropa dövlətlərindən tələb edə bilər ki, onlar Azərbaycandan qaz, yaxud neft almasınlar. Mən əminəm ki, Ermənistan baş nazirinin cənab Prezidentin sözü gedən intervüdəki bəzi fikirlərinə cavab xarakterli dünənki açıqlamaları da əgər Yelisey sarayındakılarla razılaşdırılmayıbsa belə, ən azından onların mövqeləri nəzərə alınmaqla səsləndirilirdi. Həmən açıqlamalardan belə görünür ki, Paşinyan cənab İlham Əliyevin sülh anlaşmasının hansı şətlər çərçivəsində imzlana biləcəyi və Qərbi Azərbaycan kökənlilərin öz yurdlarına dönmələrinə şərait yaradılması haqda dediklərini anlamazlıqdan gəlir ki, bu da cənab İlham Əliyevin intervüsündə də açıq şəkildə bildirilidyi kimi onun ölkəsinə baha başa gələ bilər. Və sonda həmən intervüdə Azərbaycanda Türkiyənin hərbi bazasınının olub-olmayacağı haqda suala dövlət başçımızın verdiyi möhtəşəm cavabı xatırladaraq bildirmək istəyirəm ki, bəli, iki qardaş dövlətin orduları bir orqanizm kimi çıxış etdiklərindən biz buna ehtiyac duymuruq. Amma Ermənistanda hərbi bazası olanlar, yaxud da yerləşdirməyi planlaşdıranlar belə bir reallığın onlara öz oyunlarını oynamaq üçün heç bir şans buraxmadığını anlamalıdırlar. Hələ gec deyil.
Diqqətinizə görə təşəkkür edirəm!
visiontv.az