225 saylı məktəbə yaxınlaşanda bir səs məni ayaq saxlamağa məcbur elədi – giriş qapısının sol əlində yerləşən reklam lövhəsinin arxasından asta, deyərdim ki, bir az da cəsarətsiz, mərsiyəyə oxşayan avaz eşidilirdi:
–Şam satıram, şam, üçü bir manata.
Səs batır, bir azdan yenidən ucalırdı:
–Şam satıram, şam, üçü bir manata.
Maraq mənə güc gəldi. Yeriyib lövhənin arxasına baxanda... mat qaldım.
Təxminən bir saat əvvəl məktəbin sol tərəfində maşını saxlayanda bir nəfərin əlində əsa, ucunu yerə döyə-döyə yol keçdiyini gördüm. Baxdım ki, üç gün əvvəl qarşıma çıxan gözdən əlil cavandı. Onda iki yeniyetmə qolundan yapışıb yolun məktəb tərəfinə keçirdirdi onu. Yeniyetmələrdən ayrılan cavan, əsanın ucunu yerə döyə-döyə Dağlı məhəlləsinə tərəf getmişdi.
Onda ağlıma gəmişdi ki, yəqin əsanın ucunda hansısa bir yol göstəricisi var, yoxsa gözdən əlil özbaşına belə ürəklə yeriyə bilməz.
Bu gün isə onu təkbaşına küçəni adlayan görəndə maşından düşüb qarşısına yeridim:
–Ha yana gedəcəksiniz – bu tərəfə, ya o tərəfə? – Ürəyimdə öz-özümə gülmüşdüm də – bu ytərəf-o tərəfi nə bilə¬cəkmiş bu yazıq?!
–Yox, bura...
Başa düşdüm ki, köməyimə ehtiyacı yoxdu. Odur ki, çevrilib, Allahın məni dünya işı-ğından məhrum eləmədiyinə şükr eləyə-eləyə yaxındakı dəftər-kitab mağazasına girdim...
İkinci növbənin qurtarmasına az qalmış yenidən məktəbin giriş qapısına tərəf getməyə başladım.
–Şam satıram, şam, üçü bir manata.
Gözdən əlil cavan heykəl kimi dayanıb, sol əlində üç dənə, sağ əlində isə bir topa qırmızı qələm tutmuşdu. Əslində tutmuşdu demək düzgün olmazdı, bərk-bərk yapışmışdı qələmlərdən. Durmadan təkrarlayırdı:
–Şam satıram, şam, üçü bir manata!
–Məgər indi şamı qələm kimi buraxırlar?! – Soruşdum.
–Xeyr.
–Niyə onda qələmə “şam” deyirsiniz?!
–Bu da mənim reklamımdı. – Dinmədiyimi duyub, söünü kəsmədi. – Bilirsiniz, bu reklam da olsa, mayasındakı həqiqətdi. Həqiqətdir ki, bunlar qələmdi. Amma mənim əlimdə heç qələm də deyil. Sadəcə əşyadı. Gözü olan hər kəsdən ötrü bunlar əşya da ola bilər, qələm də ola bilər, şam da. Baxır adamına.
Gözdən əlil cavanın bu fəlsəfəsi məni fikrə saldı. Doğrudan da yaşamaq uğrunda mübarizə aparmaq üçün ağlı işə salmaq lazımdı. Hətta dünya işığına həsrət qalan bu insan adamların diqqətini özünə cəlb etmək üçün filosof kimi mühakimə yürütməyə məcburdu.
Məktəb zənginin eşiyə vurulduğunu eşidib, tələsik darvazadan içəri girdim.
Nəvəmi qapıçı Şəkər xanımın yanından götürüb, geri qayıtdım.
Məktəblilərin gur çıxdığını hiss eləyən gözdən əlil bu dəfə daha tez-tez təkrar eləyirdi:
–Şam satıram, şam, üçü bir manata.
Cibimdən çıxartdığım bir manatı əlinə toxundurdum:
–Buyurun, bu da sizin manatınız.
Gülümsəyib, pulu almamış sol əlindəki üç qələmi mənə tərəf uzatdı:
–Bu da sizin şamlarınız.
–Pulu götürün.
–Hələ şamları tutun.
–Yox, saxlayın özünüzə.
Cavanın əli havadaca quruyub qaldı. Üzü bozarıb, qaşları çatıldı:
–Niyə?!
–Ehtiyacım yoxdu, evdə onlarla qələmim var.
–Xeyir ola, pulunuzdan bezmisiniz nədi?
–Qələm də özünüzə qalsın, pul da.
–Mənim papağım var?
–Bu nə sualdı?
–Soruşuram.
–Əlbəttə, var.
–Haramdadı?
–Haranızda olmalıdırsa orada!
–Çömbəlib oturub, qarşıma qoymamışam ki?!
–Xeyr.
–Onda bir manatı niyə verirsiniz mənə?!
–Olmaz?!
–Bağışlayın, mən qələm satıram, dilənçilik eləmirəm.
Bu sözlərin ağırlığına duruş gətirə bilmədim – bərk utandım.
–Oy, baba?! – Zeynəb çığırdı.
–Nədi, bala?!
–Əlimi elə sıxdın, az qalmışdı ki, sına!
–Həəə... – Maşına tərəf yeridim.
Heç nə olmamış kimi arxadan gözdən əlil cavanın səsi gəlirdi:
–Şam satıram, şam, üçü bir manata!
Qəşəm İsabəyli
visiontv.az