Fransa ilə iki tərəfli siyasi və iqtisadi münasibətlərə yenidən baxılmalıdır - deputat Nəsib Məhəməliyev
26.11.2020

Milli Məclisin bu gün qəbul etdiyi bəyanat, Fransa Senatının “Dağlıq Qarabağ respublikasının tanınmasının labüdlüyü” haqqında qətnaməsinə cavabdır. Fransa senatorlarının, Türkiyə Silahlı Qüvvələrinin müharibədə iştirakı ilə bağlı uydurmaları yalnız təəccüb doğurur.

Müharibə başlanan ərəfədə Makron cənab İlham Əliyevə zəng edərək Suriyalı muzdluların bizim tərəfdən vuruşduqları barədə ittihamlarlar səsləndirəndə, ölkə Başçımız konkret faktlar tələb etmişdi.

Təəssüflər olsun ki, sonralar da heç bir fakt təqdim olunmadı. Fransa kimi dövlətin başında duran şəxs ehtimallarla danışmamalı, səsləndirdiyi hər sözün məsuliyyətini dərk etməlidir. Əks halda, belə gülünc vəziyyətə düşür. Ermənidən daha çox erməni olmaqla, beynəlxalq hüququ inkar edir. Nəticədə dünya təhlükəsizlik sistemi üçün mənfi presedent yaradır. Ermənistan belə bir qətnamə qəbul etməyib, ancaq Fransa edir. Bununla da gələcək üçün potensial münaqişə ocağı yaradır. Cənab Makron başa düşməlidir ki, qatar artıq gedib. Kapitulyasiya aktı imzalanıb.

Nizamlama prosesinin real iştirakçıları Rusiya və Türkiyədir. Minsk qrupunun Fransa kimi həmsədrinə ehtiyac yoxdur. Diplomatlarına başqa məşğuliyyət axtarsınlar. Düşünürəm ki, Fransa ilə iki tərəfli siyasi və iqtisadi münasibətlərə yenidən baxılmalıdır. Milli Məclisin qəbul etdiyi etiraz bəyanatı nəticədir. Səbəbi Fransada axtarmaq lazımdır.

Visiontv.az