Formula 1 üzrə Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
06.09.2024

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən  verilən məlumata görə, yarışın başlamasına qısa müddət qalıb və hazırlıqlar plana uyğun davam edir.

Yarışın əsas hazırlıq mərhələlərindən biri olan Uniforma və Akkreditasiya Mərkəzi artıq fəaliyyətə başlayıb. Formula 1 Azərbaycan Qran-Prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək, akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28000-ə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.

Avqustun 19-dan etibarən fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair rolları yerinə yetirəcəklər.

Bu il könüllü olmaq üçün 16000-ə yaxın müraciət daxil olub və onlardan 2000-ə yaxını yarışın təşkilinə cəlb olunub.

Qeyd edək ki, Bakının 8-ci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də baş tutacaq.

Visiontv.az