Firudin bəy Köçərlinin 160 illik yubileyi münasibəti ilə tədbir keçirilib
28.01.2023

MM Mədəniyyət Komitəsinin dəstəyi ilə görkəmli maarifçi Firudin bəy Köçərlinin 160 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının 297 saylı tam orta məktəbində Komitənin təşəbbüsü ilə, görkəmli maarifçi Firudin bəy Köçərlinin 160 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə çıxış edib.

Qonaqları salamlayan məktəbin direktoru Cavid Abbaszadə bu təhsil ocağının keçmişi, bugünkü uğurları haqqında yğıcam bilgi verib. Vurğulanıb ki, 297 saylı tam orta məktəbin birinci korpusu 1965-ci ildə yaradılıb, 960 şagird üçün nəzərdə tutulub. Digər korpus isə 2007-ci ildə tikilib və 800 şagird üçün nəzərdə tutulub. Birinci korpus 2013-cü ildə əsaslı təmir olunub. Hazırda məktəbdə 170 pedaqoji işçi fəaliyyət göstərir. Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə təhsil ocağında görülən işlərdən danışan direktor bildirib ki, 2022-2023-cü tədris ilində məktəbdə 2620 şagird təhsil alır. Məktəbdə Rəqəmsal Bacarıqlar və STEAM layihələri tətbiq olunur. O, son tədris ilinin uğurlu nəticələri, ali məktəblərə qəbulda yüksək bal toplayaraq fərqlənmiş şagirdlər haqqında da bilgi verib.

Qənirə Paşayeva özünəməxsus uğurları ilə seçilən məktəbi ziyarətindən, burada yüksək səviyyədə təşkil olunmuş tədbirdə çıxış etməkdən şad olduğunu bildirib.

Birinci ayını yaşadığımız 2023-cü il – Azərbaycanda “Heydər Əliyev İli”ndə məktəblərdə təşkil olunan silsilə kitab bağışı aksiyasının önəmini vurğulayan Komitə sədri, kitab bağışı aksiyasının həm də məktəbləri, gələcəyimiz olan məktəbliləri yaxından tanımaq baxımından əlamətdar olduğunu vurğulayıb.

“Ümummilli lider Heydər Əliyev mədəni irsimizə, tariximizə hər zaman çox böyük həssaslıqla, diqqət-qayğı ilə yanaşırdı və bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramımızın bir ifadəsidir.

Bu mənada, anadan olmasının 160-cı ildönümü bu gün tamam olan Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlini yad etməyimiz də çox anlamlı işdir və bizim vəfa borcumuzun ifadəsidir. O, 160 il öncə Mədəniyyət paytaxtımız Şuşada doğulub (26.01.1863 – 1920, Gəncə). Firudin bəy Köçərli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist kimi çox böyük xidmətlər göstərib.

Firudin bəy Köçərli 1884-cü ildə Qori Müəllimlər Seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib edib. 1886-cı ildə ilk teatr tamaşasını qoyub. 1890-cı ildə isə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyub. 1891-ci ildə “Təlimi-Sokrat” adlı kitabı Bağçasarayda “Tərcüman” mətbəəsində, 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında gün üzü görüb.

“Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində dərc olunub. 1898-ci ildə “Ərəb əlifbası və onun qüsurları” silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunub. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilib. 1903-cü ildə Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı rus dilində çap edilib. Elə həmin ildə M.F.Axundovun “Aldanmış kəvakib” povestini rus dilinə çevirib. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirib. “İrşad” qəzetində “Bir darülmüəllimin kifayətdir” adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldıran da məhz Firudin Bəy Köçərli olub.

Firudin Bəy Köçərlinin 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunub. "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini 1913-cü ildə yazdığı tamamlayıb. 1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olub. O, onlarla dərsliyə düzəliş edib, nəzəri materialı, hekayələri artırıb, metodika və üslubunu zənginləşdirib. O, artıq haqq dünyasındaykən – 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi günü zü görüb. Nəhayət, uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə nəşr edilib.

Firudin Bəy Köçərli və bütün maarifçilərimizi rəhmətlə anarkən, yenidən Ümummilli liderimizin mədəni irsə, maarifçiliyə, məktəbə, müəllimə, onların əməyinə verdiyi dəyəri minnətdarlıqla ifadə etmək istərdim. Ümummilli liderimiz deyirdi: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənc­lərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. – Bu da Ümummilli liderimizin kəlamıdır.

İlk ayını yaşadğımız 2023-cü təqvim ili ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Öz üzərində mənəvi məsuliyəti hiss edən Milli Məclisin Mədəniyyət Komitəsi və Komitə ilə sıx əməkdaşlıq edən ictimai birliklərimiz olaraq biz, çox şadıq ki, Ümummilli liderin 100 illik yubileyini Zəfər qazanmış ölkənin qürurlu vətəndaşları olaraq qeyd edirik. Deməliyəm ki, “Heydər Əliyev İli”ndə məhz yeniyetmə və gənclərimizlə görüşlərin keçiril¬mə¬si, kitab bağışı aksiyasının təşkili bizimçün bir könül işidir”.

Çıxışına davam edən Komitə sədri əlavə edib: “Məktəblilərə kitab bağışı aksiyasının bütün dəstəkçilərinə, əlbəttə, 297 saylı məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə, şəxsən Mehriban xanım Vəliyevaya, kitab bağışına dəstək olmuş ictimai qurumlara, xeyriyyəçi işadamlarına təşəkkür edirəm!

Komitə kitaba, oxuya xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib, bu, gələcəkdə də belə olacaq. Əlbəttə, 297 saylı məktəbdə gördüyümüz belə gözəl ortam bizi yeni aksiyalara sövq edir”!

Q.Paşayevanın və tədbirdə çıxış edən digər natiqlərin – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “UNİTY Company”in təsisçisi Fikrət Əliyev, çıxışlarında məktəbə, maarifə, kitaba, kitabxanalara, mədəni irsimizə Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət-qayğısından, həssas yanaşmasından bəhs edilib.

Məktəbin şagirdləri öz maraqlı çıxışları ilə tədbirə rəng qatıb.

Sonda, Milli Məclisin Mədəniyyət Komitəsi və “UNİTY Company” adından 300-dən çox fərqli kitab (o cümlədən tarixi romanlar, ensiklopedik nəşrlər) təhsildə fərqlənən məktəblilərə hədiyyə edilb.

 

visiontv.az