Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əş-Şaraa Ağ Evin rəhbəri Donald Trampla görüşü zamanı ona zarafatla ABŞ-nin Nyu-Cersi ştatını İsrailə təhvil verməyi təklif edib.
Visiontv.az TASS-a istinadən xəbər verir ki, hadisə barədə Suriya lideri özü danışıb.
Əş-Şaraanın sözlərinə görə, o bu təklifi Vaşinqtona səfər edərkən və ABŞ lideri ilə Colan təpələri ətrafındakı vəziyyəti müzakirə edən zaman irəli sürüb.
Nyu-Yorkda Atlantika Şurası tərəfindən təşkil olunmuş tədbirdə çıxış edən əş-Şaraa bildirib: "Mənim onunla (D.Tramp - red.) tamamilə unikal münasibətlərim yarandı. Mən onun yanına, Ağ Evə gələndə zarafat etdim. O, Colan təpələri haqqında danışaraq, oranın İsrailin suverenliyi altında olduğunu söylədi, mən isə soruşdum: "Niyə israillilərə Nyu-Cersini vermirsiniz? Colan təpələri sizə məxsus deyil ki, onu kiməsə verəsiniz, lakin Nyu-Cersi sizindir".
Bununla belə, o bu zarafatdan asılı olmayaraq, Colan təpələrinin tamamilə Suriyaya məxsus olduğunu vurğulayıb.
"Məhz buna görə də nə Suriya prezidentinin, nə ABŞ liderinin, nə də bir başqasının onlardan (Colan təpələri - red.) imtina etmək və ya başqalarına vermək hüququ yoxdur", - deyə əş-Şaraa fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Colan təpələri Suriyanın cənub-qərbində, paytaxt Dəməşqdən təxminən 60 km cənub-qərb istiqamətində yerləşir, təqribən 1.8 min kvadratkilometr ərazini əhatə edir. 1967-ci ildən bəri Altıgünlük müharibə nəticəsində Colan təpələrinin böyük bir hissəsi (1.23 min kv. km) nəzarətə götürülüb, sonradan isə İsrail tərəfindən ilhaq edilib və o vaxtdan bu ərazi dövlətlər arasında mübahisə predmetinə çevrilib. 2024-cü ilin dekabr ayında İsrail təpələrin qalan hissəsini də öz nəzarəti altına alıb. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti Colan təpələrini Suriyanın ərazisi kimi qəbul edir.
visiontv.az