İstanbula yenə qar yağacaq sabah. Səhər tezdən evdən çıxanda qarın yolda olduğunu hiss etdim. Soyuq idi…
Soyuq havada əynim nazik olanda anam düşür yadıma.
Məktəb vaxtı qalın geyinməyib dərsə gedəndə arxamdan “Bu nədir, yenə Əsetin Balası kimi geyinibsən” deyib ya papaq qoyardı başıma, ya da boynuma bir şey bağlayardı.
Çətindir anasızlıq.
Üşüyürsən.
Əsetin Balası kimi üşüyürsən…
Bu sabah anamın şəfqətini xatırladım.
Çıxdığım idman paltarı incə idi.
Anamın “Əsetin balası” deməsindəki sevgini, qayğını istədim…
Əsas yoldan çıxıb orman yoluna girdim. Hava daha da soyuqdu burda. Sürəti artıtdım ki, bədənim isinsin. Yolboyu düşündüm ki, “Əsetin Balası”ndakı Əsetin kimdir və ya nədir.
Niyə bunu o zaman anama sormamışam?
Və nə üçün bu sözün mənası anam həyatda ikən mənə maraqlı olmayıb…
Telefonu çıxarıb Bakıya – Ilhamiyyayə (Rza) zəng edirəm.
Anası Səmayə xala, Allah ona ömür versin, anamla bir sinifdə oxuyubdu Qazaxda.
Baba evlərimiz də bitişikdir – bizim evin bağının ayağı ilə onların bağlarının ayağı bitişikdir.
Yəqin Səmayə xala məsələyə yəqinlik hasil edəcək...
Telefona gec cavab verir İlhamiyə.
“Yuxudanmı oyandırdım?” deyirəm. “Yox, sadəcə Cəbrayldan, Soltanlı kəndinin təməl qoyulma mərasimindən gecə 2-də qayıtmışıq” cavab verir o mikrofonik səsi ilə.
–Sənə heç Əsetin Balası deyibmi maman?
–Yox, ancaq dayan, nəsə tanış gəlir
–İki bildiyim variant var, ancaq hansı düzdür bilmirəm
–Bir azdan mamamı görəcəm, soruşacam ondan.
Qohumum, əziz Durdanayə (Vəkilova) zəng edirəm.
Cavab vermir.
Abid (Məmmədov) gəlir ağlıma.
Gözəl dostumuza bəziləri “Qazağın Ensiklopediyası”, kimi də “Qazağın spravoçniki” deyirlər. “Əsetin balasının” nə demək olduğu haqda variantlarımı ona deyirəm telefonda.
1-ci variant “Əsetin”in Osetin olmasıdır. Müharibə illərində Gürcüstandan gələn az sayıda osetin Qazaxda imkanlı ailələrə yaxşı evlər tikirmişlər. Aclıq və qıtlıq illərində osetin fəhlələrinin kasıb görkəmləri, qışın soyuğunda titrəyə-titrəyə işləyərkən yaranan bir ifadədir. Yəni üstü-başı nimdaş, köhnə-köşkül, üşüyən osetin fəhləsi deyib, ikinci varianta keçəcəkdim ki, sözümü kəsir: “Bu variantı keç, Qazaxda osetin nə gəzirdi o vaxt”.
Ağzımı açmaq istəyirəm ki, öz variantını danışır: “Əsetin, yəni sətin (satin) parçadan tikilmiş paltarlı kasıb adam deməkdir. O vaxtı pal-paltar olmadığından imkansız ailələr uşaqlarına sətindən paltar tikər, qışda da o paltar soyuqdan qorumadığı üçün Əsetin Balası kimi əsirsən deyirmişlər”.
Danışığımız bitən kimi Dürdanə zəng vurur.
Hər zamankı kimi qaçhaqaçdadır.
Səsi gah gedir - liftə minib, gah da uğultulu gəlir – artıq maşındadır.
Həm “osetin”, “həm də sətin parça” variantlarını soruşuram.
O da “osetin” sanki daha doğru olandır, ancaq Abidin variantında da məntiq var deyir…
Telefonu cibimə qoyanda artıq bədənim isinmişdi.
Ancaq yenə də özümü “Əsetin Balası” kimi hiss edirdim.
Anamın səsi qulağımdan çıxmırdı, üşüməyim keçmişdi.
İbrahim Nəbioğlu
visiontv.az