“İran Diplomatiyası” (Iran Diplomacy) nəşrində dərc olunan məqalədə ölkənin dövlət televiziyası və digər media qurumlarının Xəzər dənizinin fars dilində işlədilən adını dəyişdirərək “Kaspian” adından istifadə etməyə başlaması tənqid olunub.
Məqalənin müəllifi olan keçmiş İran diplomatı və siyasi analitik Kuruş Əhmədi bu təşəbbüsün rəsmi qurumlarla razılaşdırılmadan həyata keçirildiyi təqdirdə çaşqınlıq və əlavə mübahisələrə səbəb ola biləcəyini bildirib.
Əhmədi qeyd edib ki, İranda 2002-ci ildə qəbul edilmiş qərara əsasən, ölkə daxilində fars dilində “Xəzər”, xarici mətnlərdə və beynəlxalq sənədlərdə isə “Kaspian” adından istifadə olunması müəyyənləşdirilib. Onun sözlərinə görə, bu qərar coğrafi adların standartlaşdırılması üzrə ixtisaslaşmış komitənin araşdırmalarına əsaslanıb və sonradan müxtəlif tarixlərdə yenidən təsdiqlənib. Müəllif hesab edir ki, belə adların dəyişdirilməsi media qurumlarının öz təşəbbüsü ilə deyil, müvafiq rəsmi prosedurlar çərçivəsində həyata keçirilməlidir.
Müəllif əlavə edib ki, İranın Fars körfəzinin tarixi adının qorunması ilə bağlı mövqeyi nəzərə alınarsa, Xəzərin adını dəyişdirmək təşəbbüsü də ölkə üçün arzuolunmaz mübahisələr yarada bilər. Onun fikrincə, yeni adın tətbiqi daxildə fikir ayrılıqlarına səbəb olmaqla yanaşı, diplomatik çətinliklər də yarada bilər. Ekspert problemin həlli üçün təklifin müvafiq dövlət komitəsinə təqdim olunmasını və qərarın rəsmi qaydada yenidən nəzərdən keçirilməsini tövsiyə edib.
visiontv.az