Ədəbi əsər fikirlərin oyunudur: Onu qısa ifadə edəndə istedad daha incə görünür
09.08.2024

Bir dəfə Heminquey mərc etmişdi ki, hər bir oxucuya təsir edəcək cəmi 4 sözdən ibarət hekayə yaza bilər. Yazıçı mərci uda bilmişdi: “Uşaq ayaqqabıları satılır. "Geyinilməyib" («For sale: baby shoes, never used»)

Frederik Braun indiyə qədər yazılmış hekayələr içərisində ən qısa və qorxulu hekayəsini yazmışdı:

“Yer üzündəki sonuncu insan otaqda oturmuşdu. Qapı döyüldü...”

Amerika yazıçısı O’Henri hekayənin ənənəvi komponentlərini – giriş, kulminasiya və nəticəni özündə cəmləşdirən ən qısa hekayə müsabiqəsində qalib gəlmişdi:

“Sürücü siqareti yandırdı və yanacaq çəninin üstünə əyildi ki, çəndə nə qədər benzin qaldığını görsün. Mərhumun iyirmi üç yaşı var idi”.

Robert Tompkins "Həqiqət axtarışında":

Nəhayət, onun axtarışları bu ucqar, tənha kənddə başa çatdı. Köhnə, uçuq-sökük daxmada odun qarşısında Həqiqət oturmuşdu.

O, belə qoca və çirkin qadın görməmişdi.

- Siz Həqiqətsiz?

Bürüşmüş küpəgirən qarı təntənəli şəkildə başını tərpətdi.

- Deyin görək, dünyaya nə deməliyəm? Hansı xəbəri çatdırım?

Qarı oda tüpürdü və cavab verdi:

- Onlara de ki, mən gəncəm və gözələm!

Alan E. Mayer "Bəxtigətirməzlik”

Bütün bədənimi bürümüş şiddətli ağrıdan oyandım. Gözlərimi açdım və çarpayımın yanında bir tibb bacısının dayandığını gördüm.

- Cənab Fujima, – o, dedi, - sizin bəxtiniz gətirib, iki gün əvvəl bombardman edilən Xirosimadan sağ çıxa bilmisiniz. İndi xəstəxanadasınız və sizi heç bir təhlükə gözləmir.

O qədər zəifləmişdim ki, güclə soruşdum:

- Mən haradayam?

- Naqasakidə, - o, cavab verdi.

Viktor Hüqo “Səfillər” romanının əlyazmasını naşirə göndərəndə müşayiət məktubunda yalnız bircə işarə qoymuşdu:

"?"

Cavab sualdan uzun deyildi:

“!”

Spartalılar fikirlərini həmişə qısa ifadə ediblər. Bunun klassik nümunəsi Makedoniya kralı II Filipin məktubuna verilmiş cavabdır:

“Mən sizə dərhal təslim olmağı məsləhət görürəm, çünki əgər mənim ordum sizin torpaqlarınıza girsə, bağlarınızı dağıdacağam, camaatınızı əsir götürəcəm, şəhərinizi isə viran qoyacam”.

Spartalı eforlar ultimatuma bircə sözlə cavab vermişdilər: "Əgər".

Arzu Qazıyeva

visiontv.az