Məşhur "Hərb sənəti" əsərinin müəllifi, qədim Çin strateqi Sun Tzı döyüşsüz əldə ediləni qələbələrin ən uğurlusu, bunu bacaranı isə sərkərdələrin ən böyüyü adlandırırdı. Noyabrın 20-də işğalçı Ermənistanın hərbi kontingentinin Ağdamdan rədd olub getməsi məhz bu qəbildən olan qələbələrimizdəndir. Əlbəttə, düşmən bunu heç də öz xoşuna etmədi. Cəbhədə yaranmış vəziyyət, mühasirədəki minlərlə hərbçisinin tamamilə məhvi qorxusu onu buna vadar etdi.
Moskva Maliyyə və Hüquq Universitetindəki festivalda bizim tələbələrin "Yaşasın Azərbaycan" demələrinə görə onlara cinayət işi başladan bastrıkinlərin, COP29-dan geri döndükdən sonra yenidən ölkəmiz əleyhinə açıqlamalar verən konqresmen pallone, senator marki kimi ünsürlərin etdikləri hərəkət, verdikləri açıqlamalar, Parisdən gələn quruldamalar bir daha təsdiqləyir ki, torpaqlarımızı işğaldan qurtamamızı bəziləri Ermənistandan çox özlərinin üzərində qələbə kimi qiymətləndirir, bununla barışmaq istəmirlər.
Bu da səbəbsiz deyil, çünki 30 il boyunca haylarla yanaşı onlar da əllərindən gələni edirdilər ki, Qarabağın işğalı əbədiləşsin. Müzəffər Ali Baş Komandanımız məhz bu yırtıcıların qəti şəkildə qarşı çıxmalarına rəğmən savaş əmri verərək torpaqlarımızın böyük bir hissəsini azad etdi. Daha üç rayonu, o sıradan Ağdamı döyüşsüz boşaltdırmaqla isə həmən yırtıcılara bir güllə atmadan öz məqsədinə çatmağın necə və nə demək olduğunu da göstərdi.
Bəli, hay vandallarının xarabazarlığa çevirdiyi Ağdam 4 ildir ki, azaddır, bir hissəsi artıq abaddır, şəhidlərimizin ruhu şaddır!
Sahib Alıyev
visiontv.az