Müstəqillik qazandıqdan sonra yaratdığımız ən vacib təşkilatlardan biri Sosial Tədqiqatlar Mərkəzi idi. Bağlandı. Orada neçə sosioloq çalışırdı və nə üçün bağlandı sualına cavabım yoxdur.
Bu gün məlum olur ki, dövlət sosial münasibətlərini bloggerlər, vloggerlər vasitəsilə tənzimləmək niyyətindədir. O adamlarla ki, onların işi xalqın dincə qoyulmuş beyinləri üçün məzmun üyütməkdir.
Dincə qoyulmuş beyin eşitdiyindən, gördüyündən, oxuduğundan narahat olan deyil, həzz alan beyindir. Məsələn, meyxana dincə qoyulmuş beyinlər üçündür. Mən özüm də beynimi dincə qoymaq istədikdə meyxanaya qulaq asıram.
Kütlə beyni dincə qoyulmuş xalqdır. Belə bir xalqın ömrü uzun ola bilməz. Xristinianlıq min il avropalıların beynini dincə qoydu. Axırı nə oldu? Türklər İstanbulu fəth edib Şərqi Romanı tarixdən sildilər, Qərbi Romanı da vəfa qırıb-çatdı.
Makiavelli, Jan Boden, Rotterdamlı Erazm, Tomas Hobbs və s. kimi öz dövrünün dövlətləri ilə eyni ağılda olmayan Avropa düşünürləri olmasaydı, Qərbi Roma, yəni Avropa Renessans yaşamayacaq və əkiztayının aqibətiylə üzləşəcəkdi.
Kim idi bu düşünürlər? Beyni dinc qalmayan və dinc qalan beyinlərə qənim kəsilən Avropa sevdalıları. Məhz onlar min ildir dincə qoyulmuş Avropa beyinlərini oyadaraq Renessansa səbəb oldular. Dini kütlələrdən modern millətlərin yaranması yolunu açdılar. Əyalətə bostan əkməyə sürgün olunmuş Makiavellinin “Hökmdar” əsərinin ilk oxucusu Florensiyanın kralı idi.
Azərbaycan Renessansa məhkumdur. Bundan qaçış milli intihar deməkdir. Biz bu milli Renesansı kimlərlə edəcəyik? Kreslonun insan bədənində təcəllası olan 80 yaşlı qocalarlamı, yoxsa işi-gücü xalqdan kütlə yaratmaq olan bloggerlərləmi?
Yoruldum fikirləşməkdən! Gedim bir az meyxanaya qulaq asım, beynim dincəlsin.
Aqşin Yenisey
visiontv.az