Deputat əlil uşaqla bağlı prokuror və nazirə zəng etdi
19.09.2020

Deputat əlil uşaqla bağlı prokuror və nazirə zəng etdi - “Minlərlə ehtiyacı var, sosial müavinət almır.”

“Cavadova Zeynəbin 14 yaşı var. İmişli rayonunun Qaraqaşlı kəndində yaşayır. Valideynləri ilə çətin söhbətimiz oldu. Uşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almır, əlilliyi müəyyən edilməyib. Nə hərəkət edə bilir, nə də danışa. Şok oldum ki, bu günə qədər bu məsələ həll edilməyib. Valideynləri deyir ki, hər yerə getmişik, amma yox deyiblər. Əslində isə, onlar heç yerə müraciət etməyiblər”.

Visiontv.az xəbər verir ki, bu sözləri İmişlidə sakinlərlə görüşən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat məsələnin araşdırılacağını bildirib: “O qədər pis oldum ki, İmişlinin prokuroruna zəng etdim ki, məsələni araşdırsın. Cinayət əməli varsa ortaya çıxsın. Şübhələrim təsdiq olundu. Heç yerə müraciət etməyiblər. Çünki, bu anadangəlmə əlildir, necə ola bilər ki, əlilliyi təyin edilməsin. Prokuror Valeh müəllim də onu düzgün təlimatlandırıb, doğru ünvana göndərib, sağ olsun. Köməkçim də məşğuldur. İnanın ki, o qədər təsirlənmişdim ki, cənab nazir Sahil Babayevə də zəng etdim. Gözəl də söhbətimiz oldu.

Nazirlik ciddi işlər aparır və bunun şahidi oluram. Şəffaflıq və dürüstlük daha da artacaq, müqavimət göstərənlər var, amma mən də bir deputat, siyasi partiya sədri kimi dürüst işləyən məmurların, vəzifəli şəxslərin dəstəkçisiyəm”. Razi Nurullayev valideyinlərə də müraciət edib: “Əziz valideynlər, əziz vətəndaşlar çalışın doğru sənədlər toplayın, doğru ünvanlara müraciət edin, torpağı istifadə etmirsinizsə, adınızdan çıxarın, yaxud qanunsuz hərəkət gördünüzsə müraciət edin. Xalqımıza əmin-amanlıq və firavan həyat arzulayıram”.