İranın indidə özü ilə savaşır. İran-İraq müharibəsində həlak olmuş 110 naməlum hərbçinin dəfn mərasimin ortasında birdən şüarlar eşidilir. Hədəf nə İsrail, nə ABŞ, nə də xarici düşməndir. Hədəf ölkənin öz prezidenti Məsud Pezeşkiyandır.
Şüar da maraqlıdır: “Rədd olsun barış tərəfdarı!” Yəni dəfn mərasimində, sülh istəyən adam sülh istədiyi üçün söyülür. Bu, artıq siyasət deyil, bu, İranın daxili psixoloji vəziyyətinin diaqnozudur. Pezeşkiyanın əsas “cinayəti” budur ki, bu bədbəxt, müharibə istəmir. O, Tramp ilə danışıq istəyir, blokadanın götürülməsini istəyir, iqtisadiyyatın çökməsini dayandırmaq istəyir. O, deyir ki, gəlin danışaq, gəlin ölümü dayandıraq. Amma Tehran küçələrindəki radikal dini qrup üçün bu, xəyanətdir. Onların məntiqi belədir ki, müharibə şərəfdir, sülh təslim olmaq, danışıq isə satqınlıqdır. Onlar üçün 110 şəhidin dəfni də sülhə çağırış üçün deyil, yeni müharibəyə çağırış üçün fürsətdir. Şəhidlər onları sülhə yox, intiqama səsləməlidir. Ona görə də prezident dəfn mərasimində belə sakit dayana bilmir. Çünki o, onların müharibə teatrını pozur. Burada ən böyük ironiya budur ki, Pezeşkiyanı bu şüarlarla qarşılayanlar xarici agentlər deyil. Onlar sistemin özünün yetişdirdiyi, illərlə “Amerikaya ölüm, İsrailə ölüm” şüarı ilə böyütdüyü adamlardır. İndi sistem özü bu şüarlardan bezib. Çünki şüar çörək gətirmir. Şüar neft satmır. Şüar blokadanı götürmür. Amma sən 40 il xalqa “müharibə müqəddəsdir” desən, bir gün prezident çıxıb “gəlin barışaq” deyəndə, həmin xalq ona “xain” deyəcək. Bu, labüd idi. Pezeşkiyan indi həmin tələyə düşüb. O, sistemin prezidentidir, amma sistemin yaratdığı radikalların düşmənidir. Çünki İranda dəfn mərasimləri artıq dəfn mərasimi deyil. Onlar siyasi səhnədir. Şəhid cənazəsi gətiriləndə, hakimiyyət onu “baxın, düşmən bizi vurur, birləşməliyik” mesajı üçün istifadə edir. Radikallar isə onu “baxın, prezident zəifdir, onu devirməliyik” mesajı üçün istifadə edir. 110 naməlum əsgər. Onların adları belə məlum deyil. Amma onların qəbirləri üzərində prezidentə qarşı siyasi kampaniya aparılır. Bu, şəhidə hörmət deyil, şəhiddən istifadədir. Əgər o əsgərlər sağ olsaydı və bugünkü İrana baxsaydı, yəqin soruşardılar ki, biz bunun üçünmü öldük?
Bəs Pezeşkiyan niyə hələ də dözür? Bu, hamını çaşdıran sualdır. Onu təhqir edirlər, ona “rədd ol” deyirlər, onun danışıq təşəbbüsünü sabotaj edirlər, amma o, yenə də “sistemə sadiqəm” deyir. Niyə? Çünki Pezeşkiyan bilir ki, o, getsə, yerinə gələn daha radikal olacaq. O, bilir ki, onun vəzifəsi prezident olmaq deyil, əyləc olmaqdır. O, ölkəni tam müharibəyə sürükləyən qatarın qarşısında dayanıb, amma qatarın sürətini azalda bilmir, sadəcə ləngidir. Onun faciəsi budur ki, həm radikallar onu sevmir, həm də xalq ondan nəticə gözləyir, amma ona heç nə etməyə imkan vermirlər. O, prezidentdir, amma səlahiyyəti yoxdur. O, sülh istəyir, amma müharibə maşını onun əlində deyil. “Rədd olsun barış tərəfdarı”. Bu şüar əslində İranın özünə qarşı səsləndirilib. Bir ölkədə sülh istəmək təhqirə çevrilirsə, o ölkə artıq xarici düşmənə ehtiyac duymur. O, özü-özünü məhv edəcək. Pezeşkiyana “rədd ol” deyənlər anlamır ki, Pezeşkiyan getsə, sülh yox, daha çox tabut gələcək. Daha çox 110 naməlum əsgər gələcək. Daha çox dəfn mərasimi olacaq. Və bir gün həmin dəfn mərasimlərində şüar qışqırmağa adam da qalmayacaq. Çünki müharibəni sevənlər adətən müharibəyə getmirlər. Onlar sadəcə başqalarının dəfnində şüar qışqırırlar.
Şöhrət El-Dəniz
visiontv.az