Bir millətin öz dilində oxumaq, yazmaq, elmi biliklərə yiyələnmək və milli kimliyini qorumaq istəyi hansı qanuna və ya beynəlxalq hüquq normasına əsasən ölkənin parçalanması deməkdir?
Əgər ana dilində təhsil hüququnu tələb etmək separatizmdirsə, bəs fars dilində məcburi təhsil nədir?
Niyə fars dili dövlətin bütün təhsil sistemində əsas tədris dili ola bilir, amma Azərbaycan türkcəsinin məktəblərdə tədris dili olması təhlükə kimi təqdim edilir?
İran adlanan ölkənin Konstitusiyasının 15-ci maddəsi belə başqa dillərin məktəblərdə tədrisini nəzərdə tutur. Deməli, bu tələb hətta mövcud qanunvericiliyin özünə də zidd deyil.
Sizin məntiqinizlə yanaşsaq, dünyada ana dilində təhsil verən bütün çoxmillətli dövlətlər separatizmi təşviq edirlər?
Siz, fars mərkəzçi faşistlər, utanmadan hər zaman qeyri-fars millətlərin milli və dil hüquqlarını siyasi və ərazi ayrılması tələbi kimi təqdim edir, bu hüquqların tanınmasını isə təhlükəli bir məsələ kimi göstərməyə çalışırsınız.
Halbuki İran adlanan ölkədə yaşayan 40 milyon Azərbaycan türkünün öz ana dilində təhsil tələb etməsi nə başqa bir millətin hüquqlarına, nə də onun ərazisinə təhdiddir. Bu, bir millətin öz milli varlığını, dilini və kimliyini qorumaq hüququdur.
Bir millətin dilini məktəbdən kənarda saxlamaq, onun gələcək nəsillərə ötürülməsinə mane olmaq və milli kimliyini zəiflətməyə çalışmaq assimilyasiya siyasətidir. Bu siyasətin sistemli və zorakı şəkildə həyata keçirilməsi isə soyqırımı cinayəti ilə eynilik təşkil edir. Fars mərkəzçi rejimlər artıq yüz ilə yaxındır ki, qeyri-fars millətlərə qarşı dil və kimlik sahəsində bu cür ayrı-seçkilik siyasəti yürüdürlər.
Dil hüququnu separatizm adlandırmaq hüquqi arqument deyil. Bu, milli hüquq tələblərini təhlükəsizlik məsələsi kimi təqdim edərək onları susdurmaq cəhdidir.
Güney Azərbaycanlıların tələbi aydındır:
Hər kəs öz ana dilində təhsil almalıdır! Azərbaycan türkcəsində məktəblər, ana dilində təhsil, milli kimliyə hörmət və bərabər hüquqlar fars rejimi tərəfindən rəsmən tanınmalı və təmin edilməlidir.
Bizim tələbimiz nə imtiyazdır, nə də kiminsə hüququna təhdid. Biz öz dilimizdə təhsil almaq, öz kimliyimizi qorumaq və digər millətlərlə bərabər hüquqlara sahib olmaq istəyirik.
Bu haqlı tələbləri qəbul edə bilməyənlər bilməlidirlər ki, milli hüquqların davamlı şəkildə inkar edilməsinin doğuracağı gələcək siyasi və ictimai nəticələrə görə məsuliyyət daşıyanlar məhz bu siyasəti yürüdənlər və onu müdafiə edənlər olacaqlar.
Sadiq İsabəyli
visiontv.az