Cozep Borrell İlham Əliyevin çıxışını "son dərəcə ağrılı ittiham" adlandırıb: Əlbəttə, ağrılı olacaq...
Cozep Borrell İlham Əliyevin çıxışını  "son dərəcə ağrılı ittiham" adlandırıb:  Əlbəttə, ağrılı olacaq...
15.11.2024 Sahib Alıyev Tərəfindən

Azərbaycan Prezidenti cənab İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinin Sammitində Fransayla Niderlandın müstəmləkəçilik siyasətlərini sərt tənqidini Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə əsas təmsilçisi Cozep Borrell "son dərəcə ağrılı ittiham" adlandıraraq, ifşa edilənlərin hər ikisini dəstəklədiyini bildirib. Əlbəttə, ağrılı olacaq, çünki cənab İlham Əliyev demokratiya maskası taxanların imperialist mahiyyətlərini, yeritdikləri mənfur müstəmləkəçilik siyasətlərini təkzibedilməz faktlarla ortaya qoydu.

Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə əsas təmsilçisi bu ifşanın tutarlılğını və üstəlik 3 minə yaxın jurnalistin qatıldığı tədbirdə səsləndirilməsini nəzərə alaraq əslində dəstəklədiklərinin "dənizaşırı torpaqlar"ında törətdikləri cinayətə görə xəcalət çəkdiyini deməli, hər ikisini buna son qoymağa çağırmalıyıdı. O isə indi tutduğu vəzifəyə təyinatı ikinci dəfə razılaşdırılarkən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Fransanın energetika nazirinə züy tutmağa üstünlük verdi.

Orası da var ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin X" sosial şəbəkəsindəki hesabında yazdığı kimi Avropa Birliyini "bağ", dünyanın digər yerlərini "cəngəllik" adlandıran Borrel özü də müstəmləkəçilik narrativinin daşıyıcılarından birdir. Və bu həmən şəxsdir ki, təmsilçisi olduğu quruma üzv dövlətlərə COP29-a qatılmamaları üçün təlimat göndərmişdi. Görünür, Bakıda cənab Prezidentin təbirincə desək, "siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası"ı qarışıq qərbdəki riyakar çevrələrin iç üzlərinin necə açılıb göstəriləcəyini onun "həssas" rasist qəlbi hiss etmişdi.

Millət vəkili Sahib Alıyev

visiontv.az