COP29-da “Qlobal Maliyyə Sistemi: İqlim Fəaliyyəti üçün Maliyyələşdirmənin Artırılması" mövzusunda panel keçirilib
14.11.2024

Bu gün Bakıda COP29 çərçivəsində “Qlobal Maliyyə Sistemi: İqlim Fəaliyyəti üçün Maliyyələşdirmənin Artırılması" mövzusunda panel keçirilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, tədbir COP29 Sədrliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təşkilatçılığı ilə baş tutub.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycanda dayanıqlı inkişaf istiqamətində həyata keçirilən tədbirlər, emissiyaların azaldılması yönündə qarşıya qoyulan məqsədlərdən danışıb.

Dünya Bankının Dayanıqlı inkişaf üzrə vitse-prezidenti Yurgen Vogele deyib ki, ölkələr və şirkətlər iqlim dəyişikliyi ilə mübarizədə mitiqasiya (emissiyaların azaldılması) və adaptasiya proseslərini bərabər, paralel aparılmalıdır: “Dövlət və özəl sektoru iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməlidir. Ancaq dövlətlər bununla əlaqədar kənd təsərrüfatına və digər sahələrə subsidiya və digər formalarda vəsait ayırsa da, özəl sektor bu sahəyə vəsait ayırmaqda maraqlı deyil”.

Beynəlxalq Valyuta Fondunun İcraçı direktorun müavini Bo Li qeyd edib ki, Beynəlxalq Valyuta Fondu 2 il əvvəl dayanıqlılıq və davamlılıq fondu çərçivəsində bir islahatlar keçirib: “Yaşıl iqtisadiyyat, yaşıl makroiqtisadiyyat kimi iqlim dəyişikliyinə töhfə verəcək məsələlər diqqət mərkəzində oldu. Həmkarlarımız müəyyən strategiyalar üzərində çalışır, biz isə həmin strategiyalar çərçivəsindəki layihələrə maliyyə vəsaiti ayırırıq”.

Avropa Yenidənqurma və İnkişaf Bankının Siyasət və tərəfdaşlıq üzrə Vitse-Prezidenti Mark Bouman xüsusi ilə yaşıl iqtisadiyyata keçidlə bağlı planlara, layihələrə maliyyət ayırdıqlarını nəzərə çatdırıb.

Asiya İnkişaf Bankının vitse-prezidenti Yinqminq Yanq nəzərə çatdırıb ki, Asiya İnkişaf Bankı üçün əsas məqsədlərdən biri iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı ayırmaqdır.

Dünya Bankının Dayanıqlı inkişaf üzrə vitse-prezidenti Yurgen Vogele qeyd edib ki, iqlim dəyişikliyinin ölkələrə necə təsir etməsinə münasib olaraq həmin ölkələrə maliyyə yardımı ayırmağı vacib sayırlar.

Panel müzakirələrə davam edib.