"COP29 Azerbaijan" sammiti öncəsi TDT liderləri Bişkek şəhərində bir araya gəlir
05.11.2024

"COP29 Azerbaijan" sammitinə sayılı günlər qaldığı ərəfədə Türk Dövlətləri Təşkilatı liderləri sabah Qırğızıstanın paytaxtı Bişkek şəhərində bir araya gələcək.

Artıq məlumdur ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxstan prezidentlər səviyyəsində bu zirvə görüşündə iştirak edəcəklər.
TDT-nin 11-ci Bişkek Zirvəsi strateji əhəmiyyətli bir tədbir kimi diqqət çəkir. TDT ölkələri geniş bir coğrafiyada yerləşməklə, həm qlobal, həm də regional miqyasda ekoloji və iqtisadi problemlərə birgə cavab vermək potensialına malikdirlər.
COP 29-un ərəfəsində bu zirvənin baş tutması, təşkilatın iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji məsələlərlə bağlı mövqeyini  möhkəmləndirmək, vahid mövqe ilə dünya arenasına çıxarmaq üçün mühüm fürsət yaradır. Zirvə çərçivəsində  enerji təhlükəsizliyi, su resurslarının qorunması, karbon emissiyalarının azaldılması və "yaşıl iqtisadiyyat" strategiyalarının müzakirə oluncağı gözlənilir.
"COP29 Azerbaijan" öncəsi bu cür diplomatik səylər, üzv dövlətlərin qlobal ekoloji tədbirlərə daha fəal və effektiv inteqrasiyasını sürətləndirəcək.
Bişkek sammiti TDT üzvləri üçün həm regional əməkdaşlıq, həm də qlobal iqlim məsələlərində birlikdə daha güclü çıxış etmək baxımından əhəmiyyətlidir.

Aqil Məmmədov

visiontv.az