Çin səkkiz peyki uğurla orbitə buraxıb
16.03.2026

Çin eyni vaxtda səkkiz kosmik peyki uğurla Yer orbitinə çıxarıb.

Bu barədə "Xinhua" məlumat yayıb.

Məlumatda bildirilir ki, uçuş bazar ertəsi Pekin vaxtı ilə saat 12:12-də (Bakı vaxtı ilə saat 08:12) ölkənin şimalında yerləşən Jiuquan kosmodromundan "Kuaizhou-11" daşıyıcı raketi vasitəsilə baş tutub.

Kosmik aparatlardan ibarət yükə "Juntian-1-04A", üç ədəd "Dongpo" peyki, "Yuxing-3" qruplaşmasının iki peyki, həmçinin "Weitong-1-01" və "Xiguang-1-06" daxil edilib.

Bərk yanacaqla fəaliyyət göstərən dördmərhələli "Kuaizhou-11" raketi Çin Aerokosmik Elm və Sənaye Korporasiyasının (CASIC) mütəxəssisləri tərəfindən ərsəyə gətirilib. Uzunluğu 25 metri aşan bu raket Yerin aşağı orbitinə 1.5 tona qədər faydalı yük daşımaq imkanına sahibdir.

Hazırda Pekin öz milli kosmik proqramını sürətlə inkişaf etdirir, naviqasiya, telekommunikasiya və meteoroloji peyklər, o cümlədən  Ayın öyrənilməsi məqsədilə yeni texnologiyalar yaradır. Dövlətin dəstəyi sayəsində çinli tədqiqatçılar Mars və asteroidlərin araşdırılması yollarını nəzərdən keçirirlər. Bundan əlavə, Yer orbitində beynəlxalq tərəfdaşlıq üçün də açıq olan Çin kosmik stansiyası fəaliyyətdədir. Qeyd edək ki, Çin 2025-ci ildə 92 kosmik uçuş həyata keçirməklə öz əvvəlki rekordunu yeniləyib.

visiontv.az