Brüssel görüşü haqqında Soçi təəssüratları...
Brüssel görüşü haqqında Soçi təəssüratları...
21.12.2021 Alqış Musayev Tərəfindən

Sanki Paşinyanı bu görüşlərə dövlət rəhbəri kimi yox, müşahidəçi statusunda, ən yaxşı halda şahid qismində dəvət edirlər

18 ildir.

Hətta 18 ildən bir xeyli artıq müddətdir ki, bədxahları, opponentləri, Azərbaycan xalqının düşmənləri, “Erməni kimilər” fəsiləsinin nümayəndələri İlham Əliyevdə qüsur tapmağa çalışırlar, nöqsan arayırlar.

Onun hər səfərində, addımında, yerişində, duruşunda səhv gəzə-gəzə məkanlarını tez-tez dəyişirlər.

Axırıncı dəfə Londonun küçələrində dolaşırdılar...

Deyinirlər, yazırlar, çəkirlər, göstərirlər, heç nə alınmır.

Axtarırlar, eşələnirlər, heç nə tapa bilmirlər.

 “Tapdıqları” da bir işə yaramır...

Niyə?

Hər şeydən öncə, İlham Əliyevdə səhv axtarmaq istəyənlər özləri təpədən-dırnağa səhvdirlər.

1992-ci ildə hakimiyyətə gətirilən Əbülfəz Elçibəy dəxli və qabiliyyəti olmayan yüzlərlə “cəbhəçi”ni müxtəlif vəzifələrə təyin etdi.

Sonradan onlar o təyinatları özlərinin şəxsi uğurları kimi qavradılar.

Gələcəkdə, o təyinatlar (və təbii ki, həmin adamlar) ən yaxşı halda Əbülfəz Elçibəyin uğursuzluqları, bağışlanılmaz səhvləriydi.

İndi həmin səhvləri, uğursuzluqları başqasının Uğurunda və Zəfərində səhv axtarmaları heç bir məntiqə sığmır.

Zaman-zaman belə müxaliflərdən “müdrikcəsinə” gileylər də eşidirik.

“Biz İlham Əliyevi sona qədər başa düşə bilmirik. O, nə etmək istəyir?”

Siyasətlə məşğulsunuzsa, belə danışmayın!

Belə danışırsınızsa, onda siyasətlə məşğul olmayın!

Bu, siyasətin əlifbasıdır: rəqiblər sənin siyasi mübarizə məntiqini sona qədər başa düşməməli, mənimsəməməlidirlər.

İlham Əliyev sizlərə bu şansı heç vaxt verməyib və vermir.

Elə ona görə də 18 ildir Liderlik məqamını qoruyub saxlayır.

Sizdən fərqli olaraq İlham Əliyev sizi sona qədər anlayır və başa düşür.

Nə ilə nəfəs aldığınızı duyur.

Ağzınızı açan kimi nə demək istədiyinizi bilir, addımınızı atarkən hara getmək istədiyinizi, haradan gəldiyinizi görür.

Ona görə də 18 ildir ki, sizi nəinki hakimiyyətə, hətta hakimiyyətin ən uzaq həndəvərinə belə buraxmır.

Və mənim heç şübhəm yoxdur ki, bədxahları hələ onillikər boyu İlham Əliyevi sona kimi başa düşməməkdə davam edəcəklər.

Digər tərəfdən, Prezidentin səhvini, düzünü küçədə, tində-bucaqda axtarmazlar.

Çünki İlham Əliyev öz Liderlik məqamında, öz tarixi ərazisində, hazırkı məsuliyyət zonasında səhvsizdir.

Prezident ölkənin birinci şəxsidir.

Birinci şəxsin qarşısında hər zaman bir nömrəli vəzifələr dayanar.

Xalqın və tarixin birinci şəxslərdən umacağı da məhz budur:

Birinci və əsas məsələni çözmək.

İlham Əliyev son bir neçə əsrdə ondan gözlənilən bir nömrəli və Müqəddəs vəzifəni yerinə yetirmiş yeganə Azərbaycan Lideridir.

İlham Əliyev xalqımızın və tariximizin qarşısında dayanan və həlli müşkülə dönmüş bir nömrəli problemi həll edib.

O problem ki, böyük güclər onu həll etmək üçün yox, idarə etmək və regiona təsir imkanlarını öz əllərində saxlamaq üçün yaratmışdılar.

Azərbaycanın Ali Baş Komandanı belə bir şəraitdə Qarabağ mövzusunu özünün tarixi nidasıyla yekunlaşdırdı.

İndi İlham Əliyevin çiyinləri üzərində iki bir nömrəli vəzifə var.

Əldə etdiyimiz qələbəni bir daxili və regional prosesə çevirmək və regionun mürəkkəb iqlimindəki Azərbaycan dövlətini minimum itki və maksimum nailiyyətlərlə növbəti mərhələyə daşımaq.

Azərbaycan Prezidenti bu prosesə də uğurla rəhbərlik edir.

Artıq bu prosesin qarşısını almaq və ya bu prosesə rəqib bir istiqamət başlatmaq mümkünsüzdür.

Bədxahlara, opponentlərə ehtiyat resurslar qalmır.

Onda nə etməli?

Prosesin müəllifini və Liderini hədəf seçmək.

Bu yerdə yəqin ki, şərqli olduğumuz diqqətdən yayınmır.

Şərq xalqlarının tarixi sübut edir ki, xalq (şərqlilər) bir qayda olaraq həmişə iki nöqtəyə həssas münasibət göstərib.

Ya xarizma, ya xaos.

Xarizma yoxdursa, əvəzedici kimi xaos meydana çıxır...

Təbii ki, düşmən belə məsələlərdə naşı deyil.

Buna görə də Azərbaycan Prezidentinin xarizmasına total hücum səbəbsiz deyil.

Düşmən yaxşı bilir ki, bu gün Azərbaycanda İlham Əliyevin bir alternativi var.

O da elə Cənab İlham Əliyevin özüdür!

Hazırda Azərbaycan Liderinin reytinqi pik həddindədir.

Onda əlac qalır dedi-qodu və məişət səviyyəsində qaralama kampaniyasına.

Bu, dövlət quran, xilaskarlıq missiyasını həyata keçirən böyük Kişilərin başına gələn sıradan bir olay sayılar.

Bir gün Mustafa Kamal Atatürk nahar zamanı silahdaşı, yaxın dostu İsmət İnönüdən soruşur ki, haqqımızda nə düşünürlər.

İsmət bəy cavab verir ki, Paşam, haqqınızda bir para dedi-qodu var.

Mustafa Kamal bir qədər düşünüb deyir: şəxsi həyatım olmadı, ailə qurmadım Cümhuriyyət qurdum, nəyim var xalqıma, məmləkətimə fəda etdim. Mən indən belə nə etməliyəm ki, haqqımda dedi-qodu yox, ancaq yaxşı şeylər düşünüb danışsınlar?..

İlham Əliyev 44 günlük tarixi yürüşündə ən azı 30 illik bir məsafəni qət edib.

Əlçatmazları fəth edib.

(Bəzən ağıllı görünmək istəyən “ideoloq müəlliflərə” rast gəlirik. “İlham Əlievə fateh demək olmaz” deyirlər.

Biz öz torpağımızı niyə fəth etməliyik ki?

İlham Əliyev məhz elə Şuşanın, Qarabağın Fatehidir.

Nə tez unuduruq, Qarabağ artıq neçə illərdi bizimki deyildi.

Azərbaycan Prezidenti məhz döyüşüb, vuruşub, güc yoluyla Qarabağı özümüzə qaytarıb. Özümüzünkü edib!

Qarabağ müharibəsi Azərbaycanın gerçək qurtuluş savaşıdır.

Bu, yalnız fatehlərə yaraşan bir şərəfdir!

Görmək istədiyimiz, amma görə bilmədiyimiz yuxuları gerçəkləşdirib.

Zəfər yolunda Azərbaycan zəfər marşıyla addımlayır.

İndi Prezidentin hər səfəri ictimai düşüncədə Azərbaycanın növbəti zəfəri kimi assosiasiya olunur.

Səfərlər Zəfərlərə çevrilir!

Brüssel görüşündə mənim diqqətmi Prezidentimizin İspaniya qəzetinə verdiyi müsahibə çəkdi.

İlham Əliyev ingilis dilində (o cümlədən rus dilində) öz ana dilində danışır kimi çox rahat, arxayın, özünə güvənlə danışırdı.

Həmişə olduğu kimi.

Həmin müsahibəni bir neçə dəfə oxudum.

Mətndə təsadüfi bir durğu işarəsi belə yoxdur.

Hər söz bir mövqedir.

Hər cümlə xarakterdir.

Və üstəlik, hər sözün, hər cümlənin, hər abzasın arxasında intellekt və illərin zəngin siyasi, dövlətçilik təcrübəsi dayanır...

Brüsseldə reallaşan üçtərəfli görüş, əslində, Soçidə baş tutmuş üçtərəfli görüşün təəssüratlarını “ratifikasiya etməklə” yekunlaşdı.

Soçi görüşü sübut etdi ki...

1. Bütün görüşlərdə (ikitərəfli, üçtərəfli, çoxtərəfli və sair) İlham Əliyevin qalib tərəf olduğu ortadadır.

Bir dəfə yazmışdım.

İlham Əliyev bu gün regionun ən ucaboylu dövlət başçısıdır. Əlbəttə, mən Prezidentin fiziki imkanlarını nəzərdə tutmuram.

Söhbət İlham Əliyevin milli qürurundan və müstəqil xarakterindən gedir.

Görünür, elə bu səbəbdən erməni baş nazir İlham Əliyevin iştirak etdiyi tədbirlərdə pəjmürdə, narahat, əzik-üzük təsir bağışlayır.

Belə bir ciddi təəssürat yaranır:

Sanki Paşinyanı bu görüşlərə dövlət rəhbəri kimi yox, müşahidəçi statusunda, ən yaxşı halda şahid qismində dəvət edirlər.

Erməni baş nazirin mövqeyini nəzərə almırlar, sadəcə, ifadəsini alırlar.

2. Soçi görüşündə bir daha nümayiş olundu ki, regionda dövlət adına bir ölkə var - Azərbaycan.

3. Soçidə bəlli oldu ki, “qərarları burada mən Bakıda verirəm”, - deyən Azərbaycan Lideri haqlıdır.

Fərqli məkanlarda (Soçidə, Brüsseldə və sair) baş tutan görüşlər Bakıda verilən qərarların təsbiti üçün bir fürsət olaraq dəyərləndirilir.

Soçi görüşü təkrar-təkrar sübut etdi ki, qələbəmizin memarı hər şeyi zərgər dəqiqliyi ilə düşünüb.

Və düşünür...

Nəyi nəzərdə tuturam?

Soçidə Rusiya prezidenti “Türk-Rus Monitorinq mərkəzi”nin fəaliyyətini xüsusi olaraq qeyd etmişdi.

Bu, bölgədə balansın yerli-dibli dəyişdiyinə bir işarəydi.

Həm də bu, o deməkdir ki, bölgəyə nəzarətin əsas ağırlığı Azərbaycan-Türkiyə müttəfiqliyinin payına düşür...

Və Zəfərimiz 4 qatlı - hərbi siyasi və incə diplomatik gedişlərlə təmin olunub.

1. Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın edib.
2. Bölgəyə müdaxilə etmək istəyən güclər şimal faktoruyla dayandırılıb.
3. Gümrüdəki rus ordusu Xankəndidəki rus sülhməramlılarıyla zərərsizləşdirilib.
4. Sülhməramlıların məramı və fəaliyyəti isə Türkiyə amilinin nəzarətindədir...

Prezident üçün məkan fərqi yoxdur.

Bütün görüşlərə, müzakirələrə dəmir yumruq və dəmir məntiqlə qatılan İlham Əliyev Brüsseldə də özünü Bakıdakı kimi hiss edirdi...

Azərbaycanın Ali Baş Komandanı istənilən tribunadan Şuşada, Cıdır düzündə danışdığı kimi bəyan edir....

Qarabağ Azərbaycandır!

Göyçə, Zəngəzur, İrəvan bizim dədə-baba torpaqlarımızdır!

Biz Şuşada, Zəngəzurda əbədi yaşayacağıq!

Alqış Musayev

yeniazerbaycan.com