Britaniya arxivlərində Azərbaycanın İrəvan bölgəsi
04.02.2026

Sizlərə Britaniya ordusunun general-leytenantı, diplomat və coğrafiyaşünas Uilyam Monteitin "Journal of the Royal Asiatic Society"-in 1848-ci ilin 9-cu cilində dərc edilən "Azərbaycanın və ona bitişik əyalətlərin bəzi hissələrinin coğrafi vəziyyəti haqqında qeydlər" adlı məqaləsini təqdim edirəm.

Uilyam Monteit bu məqaləsində İrəvanı tarixi və coğrafi Azərbaycanın bir hissəsi kimi təqdim edir.

O yazır ki, İrəvan Araz çayının hər iki sahilini əhatə edən böyük Azərbaycan coğrafiyasının ayrılmaz bir parçasıdır və Təbrizlə Naxçıvan kimi eyni coğrafi və iqlim zonasına daxildir.

O dövrün ingilis mənbələri "Azərbaycan" dedikdə həm Arazdan cənubdakı əraziləri, həm də Arazdan şimaldakı xanlıqlar zonasını (İrəvan, Naxçıvan, Qarabağ və s.) nəzərdə tuturdular. Monteit də İrəvanı bu geniş "Azərbaycan və ona bitişik əyalətlər" kontekstində təsvir edir.

Məqalədə İrəvan düzənliyinin çox isti iqlimə malik olduğu, lakin torpağın münbitliyi və suvarma sistemləri sayəsində bol meyvə, xüsusilə üzüm bağları ilə məşhur olduğu qeyd edilir.

Müəllif rusların bölgəyə gəlişindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin İrəvan və Naxçıvan ərazisinə köçürüldüyünü qeyd edir.

Monteit, İrəvan xanlığının (xüsusilə sonuncu xan Hüseynqulu xanın) dövründə əhalinin vəziyyətindən bəhs edərkən yazır:

“Xan güclü bir hərbi qüvvəyə malikdir və əhalinin həm kənd təsərrüfatı, həm də qalanın müdafiəsi ilə məşğul olur. İrəvan əhalisi döyüşkəndir və qalanın uzun müddət müqavimət göstərib, əhali xana və mövcud quruluşa sadiqdir”

Monteit İrəvan qalasını təsvir edərkən bildirir ki,şəhərin bazarlarını və binalarını "şərq üslubunda" və "Azərbaycanın digər hissələrinə bənzər" şəkildə tikilib.

Monteit bölgədəki hakim etnik ünsürü Türk tayfaları və ya "Turcomans" adlandırır.O, İrəvan xanlığının hərbi gücünün əsasını bu döyüşkən türk tayfalarının təşkil etdiyini yazır.

Mətnin bəzi yerlərində İrəvan əhalisi üçün "Persians" ifadəsinə rast gəlinir. Müəllif izah edir ki, bu ifadə ancaq Qacarlar dövlətinə təbəəliyi bildirir. Monteit özü də aydınlaşdırır ki, söhbət "İran dövlətinin idarəçiliyində olan müsəlman əhali"dən gedir, hansı ki, onların böyük əksəriyyəti türkdillilərdir.

Monteit yerli erməniləri ayrıca bir qrup kimi qeyd edir, lakin davam edərək yazır ki, onlar sayca azdırlar və əsasən ticarət və sənətkarlıqla məşğul oldular.

Müəllif İrəvan xanının qardaşı olan Həsən xan Sərdar haqqında yazır:

“O, cəsur və qətiyyətli bir liderdir. Yerli əhali Sərdarın rəhbərliyi altında ruslara qarşı son ana qədər döyüşmüşdü”

O, İrəvanı "Azərbaycanın qapısı" hesab edir. Kim İrəvana nəzarət edirsə, bütün Araz vadisinə və Cənubi Azərbaycana gedən yollara nəzarət etmiş olur.

Prof.Dr. Zaur Əliyev

visiontv.az