“Böyük Azərbaycan naminə Əziz Əliyev” - Deportasiyanın qarşısını almaq üçün Bağırovun Stalinə MÜRACİƏTİ
15.08.2024

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb. Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.

II Dünya müharibəsindən sonra, 1945-ci ilin sentyabrında ABŞ qoşunları Cənubi Koreyaya girmişdi. SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirlərinin Moskva müşavirəsinin (1945, dekabr) qərarına əsasən, Koreya müvəqqəti olaraq, 38-ci paraleldən Şimala Sovet, Cənuba ABŞ zonalarına bölündü. Sovet zonasında Şimali Koreya Xalq Demokratik Respublikası, cənubda isə Cənubi Koreya Respublikası yaradıldı. 1949-cu il oktyabrın 12-də KXDR ilə birinci diplomatik münasibətləri SSRİ yaratdı, iqtisadi-mədəni əməkdaşlıq haqqında müqavilə imzalandı. Lakin artıq atom silahını əldə etmiş SSRİ 1945-ci il Moskva müşavirəsində razılaşdırılmış bəndləri pozaraq, Şimali Koreyada yeni dövlət quruluşunun formalaşmasına şərait yaratdı. Bu da beynəlxalq ictimaiyyət, xüsusilə də, ABŞ tərəfindən kəskin etirazla qarşılandı.

ABŞ SSRİ-nin bu addımına qarşı Birləşmiş Millətlər Təşkilatında xüsusi qətnamə qəbul etdirdi. 1950-ci il iyunun 25-də 16 dövlətin silahlı qüvvələri BMT-nin sülhməramlı qoşunları adı altında Cənubi Koreyadan Şimali Koreyaya doğru hücuma başladı. Bu qoşunların say tərkibinə görə, ABŞ-dən sonra ikinci sırada Türkiyə hərbi qüvvələri idi. Artıq Koreya cəbhəsində sovet əsgəri ilə BMT sülhməramlıları adı altında türk əsgəri üz-üzə gəlmişdi…

Moskvaya yazılan digər məktublarda Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində çalışan Mirhəsən Seyidov qohumu həm Bağır Seyidzadənin, həm də Əziz Əliyevin  xaricdə qohumlarının olduğu göstərilirdi…

M.C.Bağırovun Əziz müəllimə yaxşı münasibətinə çox qısqanclıqla yanaşanlardan biri də Nazirlər Sovetinin sədri Teymur Quliyev idi. Burada mən bir məsələni qeyd etmək istəyirəm ki, faktiki olaraq Moskvada yeni vəzifəyə getməyə hazırlaşan Mir Cəfər Bağırov artıq o dövrdən başlayaraq bir siyasi varis axtarışında idi. Ən ciddi namizədlərdən biri də sözsüz ki, Əziz Əliyev idi. Məhz ona görə də Əziz Əliyevi o, Moskvadan Bakıya dəvət etmişdi. Moskvaya göndərilən və ardı-arası kəsilməyən məktublarda Mirhəsən Seyidovun nazir işləyən əmisi oğlu Bağır Seyidzadənin və Əziz Əliyevin  də  tərcümeyi-halı ilə bağlı “tapılan” xırda faktlar (xüsusilə xaricdə yaşayan qohumlarla bağlı faktın gizlədilməsi – A.M.) xatırladılır və onların cəzalanması tələb olunurdu.

M.C.Bağırov bu söz-söhbətlərə son qoymaq üçün Mirhəsən Seyidovu Mərkəzi Komitədən çıxarır və Nazirlər Sovetinə sədr müavini göndərir. Çox illər sonra Mirhəsən Seyidov Mərkəzi Komitənin ikinci katibliyindən uzaqlaşdırılmasını belə xatırlayırdı: “Gecə yarısından xeyli keçmişdi, Bağırov mənə zəng edib otağına dəvət etdi. Mən onun kabinetinə girəndə o, məni qeyri-adi nəzakət və hərarətlə qarşıladı, sonra mətbəxdə işləyən xanım içəri girib bizə çay gətirdi. Bağırov ilk öncə Moskvaya edəcəyi səfərin və Stalinlə görüşünün əhəmiyyəti barədə bir-iki cümlə fikir mübadiləsi etdikdən sonra dedi: “Həsən, biz uzun illərdir bir yerdə işləyirik, bir-birimizi yarım sözdən başa düşürük, mənim rəhbərliyim dövründə Mərkəzi Komitədə səndən güclü ikinci katibimiz olmayıb. Bilirsən ki, Stalinlə görüşə  böyük bir  layihə ilə gedirik. Bu layihədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təkcə kənd təsərrüfatını deyil, respublikanın bütün iqtisadiyyatını kəskin şəkildə yüksəldəcək və əsas yük Nazirlər Sovetinin çiyninə düşəcəkdir. Ona görə bu ağır yükü qaldırmaq üçün Nazirlər Sovetini hərtərəfli gücləndirmək lazımdır. Buna əsaslanaraq mən Stalindən Rusiya və Ukraynada olduğu kimi, bizdə də Nazirlər Sovetində sədrin birinci müavini vəzifəsinin təsis edilməsini xahiş etmək qənaətinə gəldim. Mən sizi bu vəzifəyə təsdiq etməyi xahiş etsəm, hesab edirəm ki, Stalin bizim xahişimizə hörmətlə yanaşacaq. Həm də o, sizi yaxşı tanıyır, bunun haqqında nə düşünürsən?” – deyərək soruşdu.

Sözün doğrusu Bağırovun gözlənilməz və ustalıqla etdiyi bu təklifinə müsbət cavab verməkdən başqa çarəm qalmamışdı: “Mən sizinlə tam razıyam yoldaş Bağırov, Siyasi Büronun və SSRİ Nazirlər Sovetinin qərar layihəsində nəzərdə tutulmuş bu ciddi problemlərin uğurla həyata keçirilməsi üçün Nazirlər Sovetini, gücləndirmək lazımdır. Əgər seçim mənim üzərimə düşsə, mən bu işə böyük məmnuniyyətlə gedəcəyəm və bunu partiyanın mənə göstərdiyi böyük etimad kimi qiymətləndirəcəyəm” – deyərək cavab verdim. Mən çox yaxşı başa düşürdüm ki, mənim əleyhimə baş verənlərdən sonra Mərkəzi Komitənin ikinci katibi vəzifəsində olmağım, mümkün olmayacaq. Şikayət ediləcək bir şey yox idi və mənim tərcümeyi-halımla  bağlı “tapılan” xırda faktlara görə (xüsusilə xaricdə yaşayan qohumlarımla bağlı faktın gizlədilməsinə görə – A.M.) Bağırov məni cəzalandırmır, digər bir vəzifə təklif edirdi. Bəli, bəzilərinin tələb etdiyi kimi, məni məhv etmək üçün onun əlində hər cür səbəb var idi, amma  o, bu sərt tədbirlərə getmədi və məni qorudu”.

Birtəhər Mirhəsən Seyidovu qoruya bilən M.C.Bağırov Bağır Seyidzadəni və Əziz Əliyevi vəzifədən kənarlaşdırır.

Bütün bunlara baxmayaraq, Mir Cəfər Bağırova heç bir halda Cənubi Azərbaycanda apardığı milli siyasətini və reportariantlara qarşı mövqeyini  ona bağışlamayacaqdılar. Bildiyimiz kimi, reportariant siyasəti Moskvanın Şərqi Anadolu layihəsinin tərkib hissəsi idi. Mikoyan-Gülpəkyan cütlüyü bu geosiyasi konyukturadan maksimum istifadə etməyə çalışırdılar. Dünyanın bir çox ölkələrindən Gülpəkyan fondunun dəstəyi ilə Ermənistana daha çox daşnak ermənilər qaytarılırdı. Bu da gələcəkdə bu ermənilərin Şərqi Anadoluda sovet dövlətinin iddia etdiyi ərazilərdə yerləşdirilməsi üçün hazırlıq proqramının tərkib hissəsi idi.

Burada bir məsələni də qeyd etmək lazımdır ki, Ermənistandan deportasiya olunan Azərbaycan türkləri kütləvi şəkildə deyil, 1948-1950-ci illərdə, əsasən, Türkiyə ilə sərhəd kəndlərdən çıxarıldı. Bu köçürülmələrin digər səbəblərindən biri də dünyadan axışıb gələn erməni reportariantların azərbaycanlıların çıxarıldığı ərazilərdə yerləşdirilməsi idi.

Amma Bağırov bunların əleyhinə gedirdi və gələcək köçlərin qarşısını almaq üçün aşağıdakı məzmunda Stalinə müraciət edir:

ARPİİİSSA, f.1. siy. 35, s. v. 161 (keçmiş Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi – indiki Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi).

YOLDAŞ STALİNƏ

Daşnakların xaricdə davam edən iyrənc antisovet işində son illərdə onların Sovet Ermənistanı ərazisinin Sovet Azərbaycanı (Dağlıq Qarabağ, Naxçıvan Muxtar Soveti, Kirovabad və s.) və  Sovet Gürcüstanı (Axalik, Axalkalaki, Borçalı və s.) hesabına artırılması “tələbləri” xüsusi yer tutur. Eyni zamanda, onlar Azərbaycan və gürcü xalqlarına qarşı hər bir təxribata hazırdırlar. Bununla bağlı məktuba  1947-ci ilin iyununda “Daşnaksütyun” partiyasının siyasi platforması haqqında (XIV daşnak qurultayının direktivi və siyasi vəziyyətimiz və gələcək fəaliyyətimiz –  “Alik” qəzetində dərc olunmuş məqalənin tərcüməsi)” 18 və 19 fevral 1948-ci il tarixlərində Tehranda nəşr edilmiş “Mühacirət və biz” (“Alik” Tehran erməni qəzetindən, 14 aprel 1948-ci il tarixli məqalənin tərcüməsi) “Naxçıvanın Ermənistan üçün mənası” (1948-ci il 25 – 26 avqust tarixli) və nəhayət, daşnak inqilabi təşkilatının rəhbəri S.Vratsyanın “Alik” qəzetinin 25, 27 yanvar 1949-cu il tarixli məqaləsi haqqında məlumat əlavə edilmişdir.

Şübhə yoxdur ki, ingilis-amerikan imperialistləri nəinki antisovet işlərində daşnakları dəstəkləyirlər, görünür, amerikalılar daşnakların “tələblərindən” istifadə edərək, Zaqafqaziyaya hansısa yollarla nüfuz etmək kimi çoxdankı arzularını  həyata keçirmək istəyirlər. Bu baxımdan amerikalıların 1919-cu ildə Şərur-Dərələyəz  və Naxçıvanla bağlı davranışlarına dair arxiv materiallarını da məktuba əlavə etmişəm. Amerikalıların daşnakların işlərində bugünkü iştirakı, xüsusilə Dağlıq Qarabağ məsələsində özünü daha çox göstərir. Artıq həbs edilmiş Suvaryan işi ilə bağlı əldə edilmiş materiallardan aydın olur ki, amerikalılar başqa işlərlə yanaşı, Sovet Azərbaycanının İran xalqına məlum təsirindən də çox narahatdırlar!

Həqiqətən də İran zəhmetkeşlərinin Sovet Azərbaycanını özlərinə dayaq görməsinin “Mərdom” (Xalq partiyasının mərkəzi qəzeti) qəzetinin 3 fevral 1949-cu il tarixli “Azərbaycan xalqımızın mübarizəsinin ən qabaqcıl barrikadasıdır” adlı və bu məktuba  əlavə edilmiş məqalədən də görmək olur. Deyilənlərin işığında, Zaqafqaziyada, xüsusən də Azərbaycanda baş verən ən mühüm hadisələrlə bağlı son illərdə yazılan və ya təkrar nəşr olunan bəzi kitablar və məqalələr diqqəti cəlb edir və insanı həyəcanlandırır. Amma bəzi kitab və məqalələr var ki, bunlardan da yan keçə bilmirəm. Bu tipli kitabların müəllifləri nəinki mütəxəssis deyillər, qeyri-obyektiv və hətta şübhəlidir, həm də məzmunu təxribat və şərləmə özlüyündə  daşnak təxəyyülünün əsasını təşkil edir.

M.Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı haqqında biz, yoldaş A.A.Jdanov 21 iyul 1947-ci il tarixində müraciət etmişik (Məktubun surətini və M.Şaqinyanın özünün qeydini əlavə edirəm). Biz yoldaş Malenkova 30 sentyabr 1948-ci ildə G.Xolopovun “Geri götür” kitabı haqqında da yazmışdıq (Yoldaş G.M.Malenkova ünvanlanmış məktubun surətini əlavə edirəm). Amma  görünür, yoldaşlar  bizi başa düşmürlər.

Eyni zamanda mərkəzi çap orqanlarında – “Literaturnaya qazeta”da, “Oqonek” jurnalında və s.-də Azərbaycanın ünvanına yeni yaxşı olmayan yazılar çıxır. Bu hal məni Azərbaycan kommunistlərinin növbəti qurultayında bu məsələlər üzərində dayanmağa vadar etdi ki, bu barədə sizə yazmışam (Məktubun surətini və qurultaydakı son çıxışımın stenoqramını əlavə edirəm).

Yoldaş Stalin! Bizə qarşı aparılan bu qeyri-obyektiv münasibətə son qoyulmasında, sizdən başqa heç kim bizə kömək edə bilməyəcək, ona görə də Sizə bir daha müraciət edirəm, bu məsələyə baxmağınızı ciddi şəkildə xahiş edirəm.

AZƏRBAYCAN K(b)P MK-nın KATİBİ (BAĞIROV).

Mart, 1949-cu il.

Ardı var…

visiontv.az