Dini tənqid etmə! Çünki ölkə özünü allahla, peyğəmbərlə eyniləşdirən eqositlərlə doludur.
Bürokratiyanı tənqid etmə! Çünki şəxsiyyətini vəzifəsiylə eyniləşdirən bürokratların ölkəsində yaşayırsan.
Mentaliteti tənqid etmə! Çünki repertuarını xalqla eyniləşdirib çörək, şöhrət qazananların pətəyinə çubuq soxmuş olacaqsan.
"Broyler qadınları" tənqid etmə! Çünki varlığını cinsiyyəti ilə eyniləşdirən sekulyar sekta qəzəblənəcək.
Bir sözlə, heç bir şeyi tənqid etmə!
Tənqid cəmiyyətdə artıq təhqir kimi qələmə verilir. Çünki təhqir cəzalandırmaq sərbəstliyi verir. Cərimələrdən şikayət edən cəmiyyət özü də addımbaşı tənqidi düşüncəni cərimələyir, cəzalandırır. Tənqidi düşüncənin olmadığı toplumda istənilən eybəcərliyi legitimləşdirmək mümkündür. Məsələn, illər əvvəl rüşvəti "ailə saxlamaq" adıyla legitimləşdirdik.
Bu yaxınlarda bir görüntü yayıldı: Avtobus sürücüsü ərköyün sərnişinlərindən küsüb avtobusu yolun ortasında saxlayaraq gedib bir qıraqda siqaret çəkirdi.
O görüntü, əslində, cəmiyyətin görüntüsü idi. O sürücü günümüzün Kefli İsgəndəri idi. Cəmiyyət də istəyir ki, ona sürücülük edənləri küsdürüb sıradan çıxarsın. Sosial mühəndislik üçün misilsiz imkanlar yaradan sosial şəbəkələr bizdə yalnız tənqidi düşüncəni daş-qalaq etmək lazım gəldikdə çalxalanır.
Çünki tənqidi düşüncə beynimizdə şeytanla kodlaşdırılıb. Şeytan isə qovulmalıdır.
Bizim isə bu gün allahdan çox şeytana ehtiyacımız var!
Aqşin Yenisey
visiontv.az