İranın sabiq ali rəhbəri Ayətullah Əli Xameneyi ilə təqribən bir həftə davam edən vida mərasimləri rəsmi Tehranın ideoloji təbliğatına və siyasi mesajlarına xidmət etməklə yanaşı, ABŞ-la razılaşmanın və hər hansı güzəştin əleyhinə olan radikal qüvvələrin siyasi proseslərin mərkəzinə çıxmasına şərait yaratdı. Həmin mərasimlərdə ABŞ-la diplomatik təmasların və ölkənin mövcud durumdan qurtulması üçün siyasi razılaşmaların tərəfdarı olan şəxslərə – ölkə prezidenti Məsud Pezeşkiana, parlamentin sədri Məhəmmədbağır Qalibafa, Xarici İşlər naziri Abbas Əraqçiyə qarşı şüarlar səsləndirilməsi, onların təzyiqlərə və hətta zorakılığa məruz qalması bunun əyani göstəricisi sayıla bilər.
Prosesin kulminasiyası isə Xameneyinin Məşhəddə dəfn edilməsindən sonra ötən cümə günü Qumda keçirilən və bir növ mərasimlər silsiləsinə yekun vuran xətm məclisi oldu. Həmin məclisdə İslam Respublikasının banisi Ayətullah Xomeyninin nəvəsi hüccətül-islam Əli Xomeyninin təqribən 40 dəqiqəlik çıxışı radikal dairələrin əsas tezislərini ifadə etməsi ilə ictimai-siyasi səhnədə geniş əks-səda doğurdu. Bəziləri haqlı olaraq bu çıxışı İran siyasətində yeni dönəmin başlanğıcı kimi dəyərləndirdilər. Əli Xomeyninin ABŞ-la müzakirələr prosesinə qarşı sərt və indiyədək görünməmiş mövqeyi, həmçinin sülh danışıqlarının xəyanət olması kimi fikirləri dərhal “Fars” , “Təsnim”, “Rəca-nyus” və s. kimi radikal düşərgəyə aid media orqanları və mühafizəkar simalar tərəfindən tirajlandı. Bu mövqe son günlər intiqam şüarı ilə diplomatiya prosesini hədəfə alan radikalların səsinin daha gur eşidilməsinə səbəb oldu.
visiontv.az