Adamların heyvanlardan öyrənməli olduğu çox şey var
16.07.2026

Heyvanlar insanların istifadəsi, təbiətin ümumi nizamının bir parçası, elementi və ən əsası ibrət üçün xəlq edilib. Bir çox şeyi adamlar heyvanlardan öyrənməlidirlər. Əksər heyvanlar nəcisini basdırır. Amma səhrada, meşədə adamların çoxu bunu etmirlər. Bəlkə də bir çox vəhşi xüsusiyyətləri zamanla, təkamüllə heyvanlar adamlardan öyrəniblər. Yaxud da adamların qəddarlığından mühafizə olunmaq üçün özləri də vəhşiləşməyə məcbur qalıblar. İnsan zəhməti, qarışqadan, nizam-intizamı arıdan, cəsarəti şirdən, canavardan, səbri eşşəkdən, vəfanı, etibarı itdən, sadiqliyi, təmizkarlığı pişikdən öyrənməlidir.

Quranda Adəmin övladı Habilə bilmədiyini öyrətmək üçün qarğa göndərildiyi qeyd olunur.

Maidə surəsində bu haqda deyilir: "Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu."

İndoneziyada seldə boğulmaqda olan bir pələngi çiyninə mindirib xilas edən filin videosunu gördüm. Bu kimi məsələlər əslində adamların vəhşiləşməməsi, görüb xəcalət çəkməsi üçündür. Çünki bir çox hadisələr zamanı bir çox adamlar çarəsiz insanlara yardım etmək yerinə hərəsi əlinə bir telefon alıb lentə almaqla məşğul olur, seyrçi qalırlar. Yolda, küçədə baş verən bədbəxt hadisələr zamanı özlərini görməməzliyə vururlar. Son zamanlar ümumiyyətlə heyvanların sürətli təkamülünün şahidi oluruq.

Təbiətdə insanlar heyvanlara qarşı daha qəddar və rəhmsizdirlər, nəinki heyvanlar. Heyvana insan kimi mükəmməl ağıl da verilsəydi nüvə silahı düzəldib bəşəriyyəti qırmazdı. Müharibələr törədib öz cinsindən olanları genosid etməzdi. Ümumi, bütün rakurslardan baxdıqda mahiyyəti etibarı ilə insanın ağıllı vəhşi olduğunun şahidi oluruq. Əgər heyvan ağılsız vəhşidirsə, heyvan ağıllı vəhşidir. Çünki Quranda yuxarıda qeyd etdiyim ayədə qarğa digər qarğa yoldaşının ölmüş cəsədini dəfn edir. Amma ilk insanın oğlu Qabil isə doğma qardaşı Habili qətl edib oturub gözləyir...

Əksər heyvanlar, quşlar çöldən yem tapıb, ov edib onu hissələrə bölüb balasının ağzına qədər gətirib qoyurlar. Amma analar var ki, doğub, çağasını torbaya qoyub aparıb zibilliyə atır. Yaxud aparıb yetimlər evinə qoyur.

Ona görə adamların heyvanlardan öyrənməli olduğu çox şey var.

Dinşünas Tural İrfan

visiontv.az