İlk Həftəsonu Proqramı
2025-ci il oktyabrın 31-dən noyabrın 16-dək Azərbaycanın paytaxtında Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Beynəlxalq İncəsənət Festivalı (BİAF) keçiriləcək.
BİAF-ın əsas missiyası Bakıya dünya səviyyəli incəsənəti gətirmək, yerli istedadları beynəlxalq platformada təqdim etmək və sənət prizmasından ənənə ilə müasirliyin vəhdətini yaratmaqdır. Festival şəhər üçün xüsusi əhəmiyyət daşıyır: o, Bakının turizm potensialını artırır, beynəlxalq əlaqələri gücləndirir və paytaxtın qonaqları ilə sakinlərinə unikal mədəni təcrübə bəxş edir. İncəsənətə edilən bu sərmayə Bakının Şərqlə Qərbin qovşağında yerləşən dinamik və müasir paytaxt imicini möhkəmləndirir.
İlk Həftəsonu Proqramı: Klassikadan Müasir Rəqsə
Festival artıq oktyabrın 31-də start götürür və ilk gündən təsirli hadisələrlə təəccübləndirməyə hazırdır.
31 Oktyabr: Festivalın Açılışı
Bəhzod Abduraimov və Azərbaycan Dövlət Simfonik Orkestri
Festival öz nəslinin ən parlaq musiqiçilərindən biri olan istedadlı özbək pianoçu Bəhzod Abduraimovun konserti ilə açılacaq. 1990-cı ildə Daşkənddə doğulan Bəhzod beş yaşında fortepiano çalmağa başlayıb və on səkkiz yaşında Van Klaybörn adına Beynəlxalq Pianoçular Müsabiqəsinin ən gənc laureatlarından biri olub. Oktyabrın 31-də saat 20:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında o, maestro Fuad İbrahimovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcək. Konsert proqramına Pyotr Çaykovskinin Birinci Fortepiano Konsserti, Dmitri Şostakoviçin və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Biletlər 8 AZN-dən başlayır.
1 və 2 Noyabr
Səhnə Sənətinin Əfsanəsi: “TITIZÉ – Venesiyanın Yuxusu”
Noyabrın 1-i və 2-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Cirque du Soleil üçün hazırladığı tamaşalar və 2006-cı ildə Torinoda keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimi ilə məşhurlaşan tanınmış rejissor İsveçrəli Daniele Finzi Paskanın ən yeni poetik fantaziyasına məkan olacaq. “TITIZÉ – Venesiyanın Yuxusu” adlı bu poetik tamaşa Venesiya atmosferi və yuxu motivlərindən ilhamlanaraq sirki, teatrı, akrobatikanı və musiqini özündə birləşdirir. Maska karnavalı, optik illüziyalar, havada süzən akrobatlar – bütün bunlar rejissorun zərif fantaziyasında canlanır. Qastrolları dünyanın 46 ölkəsində nümayiş olunmuş məşhur Compagnia Finzi Pasca truppasının bu inanılmaz tamaşası dünya premyerasından qısa müddət sonra Bakıda təqdim ediləcək.
1 və 2 Noyabr
Müasir Rəqsin İkonası: Şaron Eyalın Yeni Tamaşası
Müasir rəqsin ən orijinal səslərindən biri – Şaron Eyal (Fransa) və onun yeni S-E-D Dance Company truppası Bakıya gəlir! Dünya şöhrətli rəqqasə və xoreoqrafın yeni əsəri olan Delay the Sadness noyabrın 1-i və 2-si saat 20:00-da Akademik Milli Dram Teatrında nümayiş olunacaq. Tamaşanın dünya premyerası 2025-ci ilin sentyabrında Almaniyada, Ruhrtriennale festivalında baş tutub. İlk gündən tamaşaçılar və tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb və cəmi bir ay sonra Bakı Beynəlxalq İncəsənət Festivalının qonaqları da onu qiymətləndirmək imkanı qazanacaqlar. Bu, yaddaş, kədər və həyatın davamlılığı kimi ümumbəşəri mövzulara toxunan emosional bir poemadır.
Ətraflı məlumat və biletlərin alınması rəsmi saytda www.biaf.az internet ünvanında mövcuddur.
Biletlərin sayı məhduddur.
Azərbaycanda keçirilən bu miqyasda mədəni tədbirdə iştirak etməyə tələsin və müasir mədəniyyətlə yaxından tanış olun!

