Beynəlxalq Miqrant Günü qeyd edilib
17.12.2021

17 Dekabr 2021-cİ il tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Miqrasiya Xidmətinin inzibati binasında Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Ombudsman Səbinə Əliyeva  cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Gününün əhəmiyyətindən danışıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev 2021-ci il üçün mövzusu “İnsan yerdəyişmələrinin potensialından istifadə edilməsi” olan Beynəlxalq Miqrant Gününün diqqəti ildən-ilə sayı artmaqda olan miqrantların problemlərə yönəltmək, bu problemlər, həmçinin miqrasiyanın müsbət tərəfləri haqda ictimaiyyəti məlumatlandırmaq baxımından əhəmiyyətini vurğuladı: “Bu gün Beynəlxalq Miqrant Gününü qeyd etmək və hazırda COVID-19 pandemiyası səbəbindən daha da böyük çətinliklərlə üzləşən və ağır şəraitdə yaşayan minlərlə miqrantı xatırlamaq, eyni zamanda onların təyinat və mənşə ölkələrindəki cəmiyyətlərə verdiyi müsbət töhfələri qeyd etmək xüsusliə vacibdir”.

Qyorqiyev Azərbaycan hökumətini ölkənin Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Sazişin (GCM) həyata keçirilməsi üçün BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi altında başlanılmış “Çempion Ölkələr” Təşəbbüsünə Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya region dövlətləri arasında birinci olaraq qoşulması münasibətilə də təbrik etdi. 

 “Biz inanırıq ki, Azərbaycanın “Çempion ölkələr”dəki rolu müsbət dəyər yaradacaq və regionun digər ölkələri üçün miqrasiyanın idarə edilməsində effektiv model rolunu oynayacaq”, deyə cənab Qyorqiyev qeyd etdi.

Tədbirdə çıxış edən BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva bildirdi ki, insan mobilliyi və hərəkətdə olan insanların yaratdığı çağırışların həlli və imkanların dəyərləndirilməsi üçün birgə səylər göstərilməlidir: “Miqrasiya mürəkkəbdir və bütün dünyada fərqli dinamikaya malikdir. İnsan müxtəlifliyi təhlükə deyil, o bir sərvətdir. Biz ümumi insanlığımızı və ləyaqətimizi heç vaxt gözdən qaçırmadan fərqliliklərimizin zənginliyini qiymətləndirməliyik”.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Azərbaycan Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Saziş imzalandığı gündən onun dəstəkləyib və gələcəkdə də onun səmərəli həyata keçirilməsi üçün səyləri artıracaq. “İnsanların qanuni, təhlükəsiz və beynəlxalq hüquq normalarına uyğun yerdəyişməsinin təmini istiqamətində bütün  tərəfdaşları birgə əməkdaşlığı gücləndirməyə çağırıram”, - deyə xidmət rəisi bildirib.

Rəsmi çıxışlardan sonra BMT-nin Miqrasiya Şəbəkəsi Katibliyinin rəhbəri Jonathan Prenticinin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası ilə əlaqədar “Çempion ölkələr” təşəbbüsü mövzusunda çıxışı etdi və beynəlxalq ekspert Yasmina Pinjo tərəfindən BMqT-nin dəstəyi ilə hazırlanmış Azərbaycanın Milli Miqrasiya Profilinin təqdimatı keçirildi.