Almaniya gömrük xidmətinin əməkdaşları Saksoniya parlamentinin iclas zalından bir deputatı çıxarıb və üstündə axtarış aparıblar. "Almaniya üçün Alternativ" (AfD) partiyasından deputat Yorq Dornaunun mənzilində, ofisində, avtomobillərində də axtarış aparılıb. Xəbəri tagesschau.de yayıb.
Leypsiq prokurorluğu Dornau ilə bağlı istintaqa başlayıb. Prokurorluq onu Aİ-nin Belarus mallarına sanksiyalardan yayınmaqda, Almaniya hakim orqanlarına öz biznesi haqda yalan məlumat verməkdə ittiham edir. Saksoniya parlamenti deputatın cinayət təqibindən toxunulmazlığını ləğv edib.
Y.Dornau kənd təsərrüfatı sahəsi üzrə sahibkar, ultra-sağçı "Almaniya üçün Alternativ" partiyasının siyasətçisidir. O, partiyadakı bir çox həmkarları kimi, Ukraynadakı müharibədə rusiyapərəst mövqe tutur.
Deputat Belarusda soğan plantasiyası üzə çıxandan tanınıb. Bəlli olub ki, onun müəssisəsi Belarusun Lida şəhərində Hüquq Pozucularının İzolyasiya Mərkəzi ilə müqavilə bağlayıb, siyasi maddələrlə saxlanılan belarusluları, mitinqlərdə iştirakına, Aleksandr Lukaşenko rejiminə qarşı çıxdığına görə həbs olunanları plantasiyada işlərə cəlb edib.
2024-cü ilin fevralında Lidadakı mərkəzdə 15 sutka saxlanılanlardan biri deyib ki, o, sosial şəbəkədə Lukaşenko rejiminə qarşı paylaşımı bəyəndiyi üçün oraya göndərilib. Onu və digərlərini soğan sahələrində işləməyə aparıblar: "Bizi anbara apardılar. Fevral idi, zirzəmi, əynimizdə olandan başqa geyim verilməmişdi, əl-ayağımız donurdu. Saat 7-də səhər yeməyi verildi. Sonra axşam saat 6-dək yeməksiz, susuz işləyirdik".
Saksoniya prokurorluğu 2024-cü ilin oktyabrında Dornau və onun Belarusdakı biznesi ilə bağlı istintaqa başlayıb. Bundan sonra deputat Belarusdakı biznesinə görə inzibati maddə ilə cərimələnib. O, üç ildən çox müddətdə Belarusda tərəvəz təsərrüfatında iştirakını, oradan əldə etdiyi gəliri gizlədibmiş.
İstintaq onu da üzə çıxarıb ki, deputat Belarusdakı şirkətinə kənd təsərrüfatı texnikası göndərib, amma gömrük bəyannaməsində son təyinat ölkəsini Belarusu yox, Qazaxıstanı göstərib. Bu isə Aİ-nin Belarusa ixrac sanksiyalardan yayınmaq niyyəti güdüb.
"Current Time" yazır ki, bu ittihamlar sübuta yetirilərsə, deputatı cinayət məsuliyyəti gözləyir, çünki sanksiyalardan yayınma xarici ticarət və ödənişlər haqqında qanuna və Aİ reqlamentlərinə əsasən cəzalandırılır.
"Almaniya üçün Alternativ" partiyasının parlament fraksiyasının rəhbəri Yorq Urban isə plenar iclasda deyib ki, Dornau ilə bağlı cinayət təqibi, onun evində axtarışlar siyasi motivlidir.
visiontv.az