İran rəhbərliyindən zaman-zaman Amerikanın məğlub ediləcəyi, gücünün sarsıdılacağı barədə sərt bəyanatlar eşidirik.
Bəyanatları bir kənara qoyub rəqəmlərə baxaq.
ABŞ dünyanın bir nömrəli iqtisadiyyatıdır. 2025-ci ildə Amerika iqtisadiyyatının həcmi təxminən 30,8 trilyon dollar olub.
İkinci yerdə Çin gəlir — təxminən 19–20 trilyon dollar. Yəni Çin sürətlə inkişaf etsə də, nominal ÜDM baxımından ABŞ hələ də ondan təxminən 11 trilyon dollar qabaqdadır.
Amma daha maraqlı müqayisə başqadır.
Amerikanın 50 ştatından yalnız biri — Texas — təxminən 2,9 trilyon dollarlıq iqtisadiyyata malikdir.
Texas müstəqil dövlət olsaydı, iqtisadiyyatının həcminə görə dünyada təxminən 8-ci yerdə dayanardı.
İndi İranla müqayisə edək.
İranın bütün iqtisadiyyatı təxminən 350–360 milyard dollar səviyyəsindədir.
Yəni Amerikanın təkcə bir ştatının — Texasın iqtisadiyyatı bütün İran iqtisadiyyatından təxminən 8,5 dəfə böyükdür.
Bir tərəfdə bütöv İran dövləti, digər tərəfdə isə Amerikanın 50 ştatından sadəcə biri.
Azərbaycanın iqtisadiyyatı isə təxminən 78 milyard dollardır.
Maraqlıdır ki, ABŞ-da iqtisadiyyatı Azərbaycandan kiçik olan ştatlar da var. Məsələn, Vermont və Vayominq. Bunun əsas səbəblərindən biri onların çox az əhaliyə malik olmasıdır: Vermontda təxminən 650 min, Vayominqdə isə 600 minə yaxın insan yaşayır. Yəni bunlar iqtisadi cəhətdən “kasıb” olduqları üçün deyil, sadəcə əhalisi çox az olan ştatlardır. Adambaşına düşən gəlir və həyat səviyyəsi tamam başqa göstəricidir.
Bu müqayisələri kimisə aşağılamaq üçün aparmıram.
Sadəcə bir həqiqəti göstərmək istəyirəm:
Böyük dövlətin gücü yalnız raketinin nə qədər uzağa uçması ilə ölçülmür.
Amerikanın arxasında 30 trilyon dollardan böyük iqtisadiyyat, dünyanın aparıcı universitetləri, texnologiya şirkətləri, maliyyə sistemi, elmi mərkəzləri, sənayesi və nəhəng kapital dayanır.
ABŞ-ın siyasətini bəyənmək və ya bəyənməmək tamam başqa məsələdir. Onu sərt şəkildə tənqid etmək də olar.
Amma rəqibinin real gücünü düzgün qiymətləndirmək siyasətin ən sadə qaydalarından biridir.
Amerikanı bəyanatlarda dağıtmaq asandır.
Rəqəmlərə keçəndə isə qarşımıza tamam başqa Amerika çıxır…
Elbəyi Həsənli
visiontv.az