Nüfuzlu alman qəzeti "Frankfurter Allgemeine", "İranın ən böyük gölü necə yox olur" başlıqlı xəbərində Urmiya gölünün tamamilə qurumasını və onun insani nəticələrini araşdırıb.
Hesabat Azərbaycanlı sənədli film rejissoru Məhəmməd Əlimuradinin hekayəsi ilə başlayır.
"Fırtına gələndə içəri qaçın, çünki fırtına ilə birlikdə duz gəlir və duz xərçəng gətirir." - deyə o bildirir.
15 ildir göl ətrafındakı kəndləri lentə alan Əlimuradi təkcə bir kənddə on üç nəfərin xərçəngdən öldüyünü deyir.
Rejissor Alman mediasına verdiyi müsahibədə duz fırtınaları ilə xərçəng arasındakı əlaqəni hələ heç bir tədqiqatın elmi cəhətdən sübut etmədiyini, lakin Aral dənizində oxşar dəlillərin müşahidə olunduğunu söyləyib. O, hətta son illərdə Təbrizdə həkim işləyərkən İranın hazırkı prezidenti Məsud Pezzekianla gölün qurumasının sağlamlıq risklərini müzakirə etdiyini deyib. Alman media orqanına verdiyi müsahibədə Əlimuradi tənəffüs, dəri və göz xəstəliklərinin artması ilə bağlı tapıntıların Tehran hakimiyyəti tərəfindən gizlədildiyini və hökumətin şəffaflıqda maraqlı olmadığını vurğulayıb.
"Frankfurter Allgemeine" hesabatında Urmu gölünün ölümünün təkcə quraqlıq və iqlim dəyişikliyinin nəticəsi deyil, həm də "insan tərəfindən törədilən fəlakət" olduğu qeyd olunur. Kənd təsərrüfatı torpaqlarının nəzarətsiz genişləndirilməsi, çoxsaylı bəndlər və yanlış suvarma siyasəti gölün qurumasının əsas səbəblərindəndir.
Ekoloji fəal Mahnaz İslami qəzetə bildirib ki, Əhmədinejad administrasiyası dövründə Urmu gölü haqqında danışmaq belə "siyasi cinayət" hesab olunurdu və fəallar "pantürkizm" və "separatizm"də ittiham olunurdular. O bildirib ki, Azərbaycan türkləri üçün gölün qorunması onların mədəniyyətinin və milli kimliyinin qorunması deməkdir.
visiontv.az