ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Roger Wicker, İran və ABŞ arasında Pakistanın paytaxtında aparılan danışıqların dalana dirənməsindən sonra bu görüşlərin dayandırılmasına və hərbi seçimin tətbiqinə çağırıb.
Viker sosial şəbəkə “X”də paylaşımında yazıb ki, İran rejimi ilə danışıqların vaxtı başa çatıb və vurğulayıb: “Heç vaxt Xameneidən sonra gələn radikallara etibar etmək olmaz”. O əlavə edib ki, ABŞ-ın ali baş komandanı hərbi rəhbərliyə “İranın ənənəvi hərbi imkanlarının məhv edilməsi prosesini tamamlamaları” və “qalan nüvə proqramını” aradan qaldırmaları üçün göstəriş verməlidir. Onun sözlərinə görə, bu addım “regionda davamlı sabitliyi təmin etməyin yeganə yoludur”.
İslamabadda Tehran və Vaşinqton arasında aparılan danışıqların dalana dirənməsindən sonra ABŞ Pakistan paytaxtına planlaşdırılan danışıqlar heyətinin səfərini ləğv edib. İranın nüvə proqramı və Hörmüz boğazında təhlükəsizlik tədbirləri ilə bağlı fikir ayrılıqları davam edir.
Məlumatlara görə, bu danışıqlarda real irəliləyişin olmaması ABŞ-da qərarverici dairələrdə diplomatik yolun davam etdirilməsi ilə bağlı şübhələri artırıb.
Müşahidəçilər bildirir ki, Vikerin açıqlamaları ABŞ Konqresində bəzi dairələrin mövqeyini əks etdirir və onlar diplomatik xəttin davamı əvəzinə hərbi təzyiqin artırılmasını dəstəkləyirlər.
visiontv.az