ABŞ Rusiyanın suveren müstəqil ölkələrə qarşı təcavüzünə dözməyəcək
22.06.2022

Çərşənbə axşamı ABŞ Putinin bu yaxınlarda keçmiş sovet respublikalarının ünvanına səsləndirdiyi təhdiddən sonra Rusiyanın suveren müstəqil ölkələrə qarşı təcavüzünə dözməyəcəyini bəyan edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Ötən həftə Kreml lideri qonşu ölkələrin ondan üz çevirəcəkləri təqdirdə Ukraynanın aqibətini yaşaya biləcəklərinə işarə edib. "Sovet İttifaqı nədir? Tarixi Rusiyadır", deyə Putin bildirib.

Dövlət Departamentinin mətbuat katibi Ned Prays çərşənbə axşamı keçirilən brifinqdə Turan-ın müxbirinin "Moskva təcavüz edəcəyi təqdirdə ABŞ Rusiyanın qonşularını - Azərbaycanı, Gürcüstanı, Qazaxıstanı və digər ölkələri qoruyacaqmı?" sualına cavab verib.

Praysın sözlərinə görə, Vaşinqtonun Ukraynanı dəstəkləməsi Birləşmiş Ştatların Rusiyanın suveren müstəqil ölkələrə qarşı təcavüzünə dözməyəcəyinin "aydın siqnalıdır".

"Beynəlxalq tərəfdaşlarımız da buna dözməyəcək", deyə o qeyd edib.

"Fikrimcə, biz Ukraynaya göstərdiyimiz dəstəklə çox aydın siqnal vermişik. Müxtəlif qitələrdə onlarla ölkə Ukraynaya təkcə təhlükəsizlik sahəsində deyil, həm də iqtisadi və humanitar yardım göstərmək üçün birləşib.

Biz həmçinin Rusiyaya qarşı misli görünməmiş iqtisadi sanksiyalar, maliyyə və ixrac sanksiyaları tətbiq etmişik. Bu, qətiyyətimizi aydın göstərən siqnaldır", deyə o bildirib.

Dövlət Departamenti həmçinin ABŞ-ın və NATO-nun Kremlin təhdidinə cavab olaraq Litvanı dəstəkləməyə sadiq olduğunu təsdiq edib.

"Litva NATO alyansının üzvüdür və biz alyans qarşısında NATO-nun əsasını təşkil edən 5-ci maddədən irəli gələn öhdəliyi dəstəkləyirik", deyə Prays jurnalistlərə bildirib.

"Litva sadiq tərəfdaş idi və biz NATO-dan olan müttəfiqlərimizi və Litvanı dəstəkləyirik", deyə Prays əlavə edib.

visiontv.az