ABŞ-də İran lobisinin arxasında duran sirli ailə
17.06.2026

“The Daily Beast” saytı dərc etdiyi məqalədə xaricdə yaşayan və ABŞ ilə İran arasındakı münasibətlərdə təsirli rol oynayan bir İranlı ailəsinin fəaliyyətini araşdırır. Məqaləyə görə, bu ailə iki ölkə arasındakı yaxınlaşmadan iqtisadi fayda əldə etməyə çalışır.

2015-ci ilin iyul ayında əldə olunan Vyana nüvə sazişi yalnız İran terror rejimi üçün siyasi uğur deyildi. Bu saziş həm də ABŞ-da fəaliyyət göstərən İran yönümlü lobbi qrupları üçün mühüm nailiyyət hesab olunurdu.

ABŞ-da fəaliyyət göstərən İran-Amerika Milli Şurası (NIAC) nüvə sazişinin ABŞ Konqresində müdafiə olunması və təqdim edilməsində fəal rol oynayıb. Məqalədə bildirilir ki, bu təşkilatın formalaşdırılmasında və istiqamətləndirilməsində Məhəmməd Baqir Nəmazi ailəsinin mühüm, lakin çox vaxt görünməyən rolu olub. Ailə daha sonra bu sazişdən doğan iqtisadi imkanlardan yararlanmağa çalışıb.

Nəmazi ailəsinin adı ABŞ mediasında nadir hallarda hallansa da, ailəyə yaxın şəxslər onların siyasətdən çox iqtisadi və maliyyə fəaliyyətlərinə maraq göstərdiyini bildirirlər. Bu ailə Qərbin siyasi və iqtisadi azadlıqlarından faydalanmaqla yanaşı, İran rejimi ilə də yaxın münasibətlərini qoruyub saxlayıb.

Ailənin başçısı Məhəmməd Baqir Nəmazi Pəhləvi dövründə Xuzistan (Ələhvaz) əyalətinin valisi olub. 1979-cu il inqilabından sonra təqib olunmayıb və 1983-cü ildə ailəsi ilə birlikdə ABŞ-a köçməsinə icazə verilib. Onun oğulları Siyamək və Babək Nəmazi ABŞ-da təhsil alıblar. Ailənin digər üzvü Pəri Nəmazi isə iqtisadçı Bijən Xacəpurla evlənib.

İran-İraq savaşının başa çatmasından sonra İran iqtisadiyyatında nisbi açılış başlayanda Pəri Nəmazi və həyat yoldaşı 1993-cü ildə Tehranda “Atiyeh Bahar” adlı xarici investisiya məsləhət şirkətini təsis etdilər. Bir müddət sonra Siyamək və Babək Nəmazi də şirkətə qoşuldular. Şirkət xarici investorlarla İranın dövlət qurumları arasında əlaqələrin qurulmasında vasitəçi rolunu oynayırdı.

Lakin İranın nüvə proqramı ətrafında yaranan böhran və ABŞ sanksiyalarının sərtləşməsi xarici şirkətlərin İran bazarını tərk etməsinə səbəb oldu. Məhəmməd Baqir Nəmazi ailəsi isə həmin şirkətlərin yenidən İrana qayıtmasını istəyirdi.

2002-ci ildə İsrail kəşfiyyat mənbələri Natanz nüvə obyektində uranın zənginləşdirilməsi barədə məlumatları ictimaiyyətə açıqladı. 2005-ci ildə Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsi ilə İranın nüvə proqramı ətrafındakı gərginlik daha da artdı.

Məqaləyə görə, Nəmazi ailəsi “Atiyeh Bahar” vasitəsilə Həşimi Rəfsəncani və Məhəmməd Xatəmi dövründə nüvə danışıqlarına rəhbərlik edən Həsən Ruhani ilə yaxın əlaqələrə malik idi.

2006-cı ildən etibarən İran ilə Qərb, xüsusilə də ABŞ arasındakı münasibətlər kəskin şəkildə pisləşdi. İranın nüvə proqramının genişlənməsi BMT Təhlükəsizlik Şurasında sanksiyaların qəbuluna yol açdı.

Bu dövrdə Nəmazi ailəsi ticarət əlaqələrinin qorunmasını və mümkün hərbi qarşıdurmanın qarşısının alınmasını müdafiə edərək ABŞ ilə İran arasında yaxınlaşmanı təşviq etməyə çalışırdı.

1999-cu ildə Siyamək Nəmazi və İsveçdə böyümüş iranlı Trita Parsi Kiprdə keçirilən bir konfransda tanış oldular. Konfrans İran və ABŞ arasında dialoqun təşviqinə həsr olunmuşdu. Onlar birlikdə iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması yolları barədə məqalə yazdılar.

2001-ci ildə Sepahın sifarişilə Trita Parsi Məhəmməd Baqir Nəmazi ailəsinin dəstəyi ilə Vaşinqtonda NIAC təşkilatını yaratdı və ona rəhbərlik etməyə başladı. Parsi Johns Hopkins universitetində doktorluq təhsili almış, həmçinin Francis Fukuyama məktəbinin yetirmələrindən biri hesab olunurdu. O, “Atiyeh Bahar” üçün məqalələr yazmış və bunun müqabilində külli miqdarda ödəniş almışdı.

Məqalədə qeyd olunurdu ki, NIAC ətrafında toplanan bəzi şəxslər sonradan ABŞ hökumətində vəzifələr tutublar və onların əksəriyyəti İsrail lobbinin siyasətinə qarşı fəaliyyətə başlayıblar.

NIAC İran rejimini tənqid edərkən çox vaxt İnqilab Keşikçiləri Korpusu və Qüds Qüvvələrinin fəaliyyətini qabartmır, əksinə İranı İŞİD-ə qarşı mübarizədə ABŞ-ın potensial tərəfdaşı kimi təqdim edirdi.

Trita Parsi İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsinə açıq şəkildə qarşı çıxıb və İranın xarici işlər naziri olmuş Mohammad Javad Zarif ilə yaxın münasibətləri ilə tanınır.

Məqaləyə görə, NIAC ABŞ-da İran yönümlü lobbi fəaliyyəti göstərməklə yanaşı, ilk illərində ABŞ tərəfindən maliyyələşdirilən Demokratiya Milli Fondunun da maliyyə dəstəyini alıb. Sonradan təşkilatın lobbiçilik fəaliyyəti ilə bağlı mübahisələr yarandıqdan sonra bu maliyyə yardımları dayandırılıb.

2013-cü ildə Həsən Ruhaninin prezident seçilməsindən sonra İran bazarının Qərb üçün yenidən açılacağı gözləntiləri artdı. Bu şəraitdə NIAC və “Atiyeh Bahar” Vyanada keçirilən İran–5+1 nüvə danışıqları çərçivəsində Qərb şirkətləri üçün iqtisadi imkanlara həsr olunmuş birgə konfrans təşkil ediblər.

Beləliklə, Trita Parsi və Məhəmməd Baqir Nəmazi ailəsi İran bazarına daxil olmaq istəyən Qərb şirkətləri üçün etibarlı vasitəçilər kimi təqdim olunmağa başlayıblar.

Hazırda Free Press yazır ki, Tramp administrasiyası Trita Parsi-nin ABŞ-dan deportasiya edilməsini nəzərdən keçirir

ABŞ-ın Free Press nəşri məlumatlı mənbələrə istinadən yazır ki, ABŞ Dövlət Departamenti NIAC-ın (Amerika İranlıları Milli Şurası) təsisçisi və keçmiş prezidenti Trita Parsi barədə araşdırmaya başlayıb. Məlumata əsasən, Vaşinqton onun ABŞ-da qalmasının ölkənin milli maraqları və təhlükəsizliyi ilə uyğun olub-olmadığını qiymətləndirir və deportasiya variantını da nəzərdən keçirir.

Uzun illərdir ABŞ-da yaşayan Parsi hazırda yaşıl kart sahibidir. O, son illərdə Quincy Institute analitik mərkəzinin rəhbər simalarından biri kimi fəaliyyət göstərir və ABŞ-ın İran siyasəti ilə bağlı tez-tez mediada çıxış edir.

Free Press yazır ki, Tramp administrasiyasının bəzi rəsmiləri Parsi-ni sadəcə siyasi şərhçi kimi yox, İran terrorçu rejiminin maraqlarına uyğun mövqeləri ABŞ siyasi mühitində təbliğ edən fiqur kimi qiymətləndirirlər. Məlumata görə, Dövlət katibi Marko Rubio İran rejiminin ABŞ daxilində təsir və nüfuz şəbəkələrinin araşdırılması istiqamətində sərt mövqe tutub.

Trita Parsi uzun illərdir İran siyasəti ilə bağlı mübahisəli fiqur hesab olunur.

O, hər zaman Tehran rejiminin mövqelərini müdafiə edərək ABŞ ictimai rəyinə təsir göstərməyə çalışıb.

Hazırda ABŞ hökuməti tərəfindən Trita Parsi barədə hər hansı rəsmi deportasiya qərarı açıqlanmayıb, lakin bu istiqamətdə araşdırmanın aparılması diqqətçəkici bir inkişafdır. Bu proses eyni zamanda son günlər CNN-də Azərbaycan əleyhinə dərc olunan qərəzli və əsassız məqalənin NIAC ilə əlaqəli dairələrin təsiri və ya sifarişi ilə hazırlanmış ola biləcəyi ehtimalını da yenidən gündəmə gətirir.

Sadiq İsabəyli

visiontv.az