Abbasilərin böyük gücü: Türklər
19.10.2024

Afşin : Babək bizim dövlətimizə böyük zərbə vurdu oğul. Allaha şükürlər olsun ki, mən öz qılıncım, sən öz ağlınla bu xətanı dəf etdik. Əmir əl-möminin etimadını qazandıq. İndi isə bizim bircə vəzifəmiz qalır. Bu etimadı qoruyub saxlamaq.

Abdullah: Sən ayağını qoyduğun yerə mən başımı qoyaram əmi.

Afşin: Sənin böyük gələcəyin var oğul. Ona görədə səni müjdəli bir xəbər ilə sevindirmək istəyirəm. Sən bugündən xəlifənin kürəkənisən. Xəlifənin qardaşı qızı Fatiməni sənə nişanlayıram.

Abdullah: Əmi, sənin sözün mənim üçün qanundur. Lakin, mən Fatiməni uşaqlıqdan tanıyıram. Samirədə olarkən onu görmüşəm. Əmi axı o qız topaldır.....!

Afşin: Dağa arxalanan üçün dağın qoturluğunun heç bir önəmi yoxdur. Allaha minlərcə şükür et ki onu sənə verirlər. O ki qaldı topallığa, qadın elə topal olsa yaxşıdır, ərinin evindən çıxmaz. İndi isə de görüm bölgədə vəziyyət necədir..?

Abdullah: Çox pis əmi. Babəkdən sonra camaat sakitləşmir. Babəkin ruhu sanki yaşayır.

Afşin: Ölüsü belə bizi narahat etməyə bəs edir.

Müsəlman fəthləri dünyaya yayılmağa başlayandan bəri qurulan müsəlman dövlətlərinin ən mühüm qurumlarından biri də ordudur. Abbasilərin dövründə ordu rəhbərliyi özəlliklə Məmun və Mötəsim dövründə tamamilə türklərin nəzarətinə keçmişdi. Babəkin 21 il davam edən üsyanını yatırtmaq üçün xəlifə Mötəsim Billahın Misirdə üsyanları qanlı şəkildə basdıran türk komandiri Afşin Heydər ibn Kavusu seçməsidə bu səbəbə görə idi. Afşin Babəkdən sonra sarayda böyük nüfuz əldə etmiş, Xəlifə ilə qohumluq əlaqələrinə yiyələnməyi hədəfləmişdi. Mahiyyət etibarı ilə Abbasilər xəlifəyə qeyd-şərtsiz təslim olacaq bir ordu istəyirdilər. Bu ordu gənc yaşda cəlb edilmiş bacarıqlı qullardan ibarət olmalı və İslamın heç bir daxili mübarizəsi ilə əlaqəsi olmamalıdır. Türklərin nə evi, nə tayfası, nə ailəsi var idi. Bu səbəbdən onlar mərkəzi hökumətdən daha çox asılı qala bilərdilər.

Mötəsim Harun Ər-Rəşidin Maridə adlı türk cariyəsindən dünyaya gəldiyi üçün türklərə özəl diqqəti vardı. Onlar üçün xüsusi müəllimlər tutmuş, onlara elm, ibadət və Quranı öyrədirdi. Türk əsilli əsgərlərə müxtəlif növ ipəklərdən hazırlanmış xüsusi paltarlar geyindirmiş, qızıl boyunbağılar, gümüş və naxışlı kəmərlər və kaftanlar taxdırmış, beləliklə də onları xüsusi bir təbəqəyə çevirmiş və böyük sərkərdəlik vəzifələrinə yüksəltmişdir. Mötəsim bu yeni hərbi qüvvəni yad ünsürlərlə qarışdırmaq istəmir. Onların xalqa qarışmaması və bu yeni qüvvənin döyüş qabiliyyətini itirməsinin qarşısını almaq üçün ayrı bir şəhər salıb onları Bağdaddan çıxartmağı düşünürdü.

Türk əsgərlərinin Afşinlə başlayan Xəlifə sarayında siyasi evlilikləri, tez bir zamanda onları sadəcə hərbi deyil, həm də siyasət və bürokratiyada da önəmli gücə çevirirdi. Bu siyasi nikahlar nəticəsində türklər arasında valilər, vəzirlər, haciblər (saray mərasimlərinin təşkilatçısı) təyin olunurdu. Xəlifələr sanki türk sərkərdələrinin və bürokratlarının dediklərini təkrarlayan tutuquşular kimi görünürdülər. 9-cu əsrin ikinci rübündə başlayan türklərin Abbasilərdəki təsiri, xüsusilə bu cür evliliklər vasitəsilə bir əsr ərzində intensiv şəkildə davam etmişdir. 10-cu əsrin ikinci yarısı və 11-ci əsrin birinci yarısında Büveyhilər (İraq, mərkəzi və cənubi İran üzərində hökmranlıq edən Deylam mənşəli şiə İran sülaləsi) idarəni ələ keçirsələr də, buradakı türk varlığını zərərsizləşdirə bilmədilər.

Bir mətn şəkili ola bilər

Pərviz Əliyev

visiontv.az