20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
20.01.2022

Bərdə rayon Qazaxlar kənd tam orta məktəbdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktor əvəzi Zövqiyyə Əsədova, tərbiyə işləri üzrə direktor müavini Fatma Nəbiyeva, kitabxanaçı Həbibə Alışova və riyaziyyat müəllimi Aidə Əsgərova çıxışlarında bildiriblər ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərib. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb olub.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların müəyyən edilib aşkara çıxarılmasını diqqətdə saxlayıb və bunun nəticəsində həqiqətlər üzə çıxıb.

Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur.

Sonra məktəblilərin ifasında bəşəriyyət və insanlıq əleyhinə ən qanlı terror aktına həsr olunmuş şeirlərin və mahnıların təqdim edilməsi, səhnəciklərin göstərilməsi ilə davam edib.

Visiontv.az