Zelenski və Lyayen arasında gərgin görüş
23.09.2026

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə görüşüb.

Visiontv.az  xəbər verir ki, "Bloomberg" agentliyinə danışıqlardan məlumatlı olan mənbə tərəflər arasındakı görüşün olduqca gərgin şəraitdə keçdiyini bildirib.

Məlumata görə, əlavə maliyyə dəstəyinin verilməsi üçün  Avropa İttifaqı rəsmiləri Ukraynadan kölgə iqtisadiyyatı ilə mübarizədə inkişaf, vergi gəlirlərinin çoxaldılması və yerli qanunların  Avropa sisteminə uyğunlaşdırılmasını istəyiblər.

Buna cavab olaraq Kiyev nümayəndələri hava hücumundan müdafiə vasitələrinin azlığından ciddi narahatlıqlarını ifadə ediblər.

Nəşrin təhlilinə əsasən, Ukraynadakı münaqişənin başlamasından illər ötəndən sonra Kiyevlə onun əsas müttəfiqləri arasında fikir ayrılıqları güclənməkdədir.

Qeyd olunur ki, bəzi  Avropa dövlətlərinin müdafiə sistemləri tədarük etməkdə istəksizliyi Ukraynanı məyus etdiyi halda, rəsmi Kiyevin davamlı artan maliyyə tələbləri Qərb tərəfdaşlarının narazılığına səbəb olur.

visiontv.az