Paşinyan: Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir
23.09.2026

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir.

 Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş  Assambleyası çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Paşinyanın sözlərinə görə, hazırda Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir. O bildirib ki, layihənin reallaşması nəticəsində Ermənistan 1990-cı illərin əvvəllərindən mövcud olan nəqliyyat təcridindən çıxacaq.

“İlk növbədə, biz  Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Biz  Ermənistan-Türkiyə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Daha geniş kontekstdə isə bu, beynəlxalq logistikanı dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək”, – Paşinyan deyib.

Ermənistanın Baş naziri qeyd edib ki, bu layihələrin həyata keçirilməsi Fars körfəzi regionu ilə Qara dəniz hövzəsini birləşdirən dəmir yolu əlaqələrinin açılmasına da şərait yarada bilər.

visiontv.az