Ukraynada energetika sahəsində fövqəladə vəziyyət rejimi elan ediləcək. Bu addım kütləvi elektrik və istilik kəsintiləri, hava şəraitinin pisləşməsi fonunda atılır. Prezident Volodimir Zelenski xüsusi müşavirədə bu haqda məlumat verib.
Dövlət başçısı bildirib ki, bu rejim işıq və istilik təchizatının bərpası üçün daha geniş imkanlardan istifadəyə şərait yaradacaq.
Zelenski onu da deyib ki, digər ölkələrdən elektrik enerjisinin idxal həcmini artırmaq, komendant saatı qaydalarına yenidən baxmağa dair göstəriş verib.
“... Xüsusilə Kiyevdə durum çox çətindir. Paytaxtda çox az iş görülüb. Hətta son günlərdə də intensivlik görmürəm, bütün bunları indi təcili düzəltmək lazımdır", – Zelenski deyib. Paytaxtda vəziyyətin əlaqələndirilməsi üçün qərargah yaradılacaq.
Kiyevdə artıq altıncı gündür elektrik və istiliklə bağlı problemlər qalır. Təxminən 400 çoxmərtəbəli yaşayış binasında istilik yoxdur. Deputat Yaroslav Jeleznyak bildirib ki, "işıq hər üç saatdan bir gəlib-gedir".
Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, tammiqyaslı müharibənin dörd ili ərzində ilk dəfədir bu miqyasda vəziyyət yaranır.
Rusiya qoşunları Ukraynanın energetika obyektlərini daim atəşə tutur, ölkə sakinləri elektrik və istiliksiz qalır. Yanvarın 13-nə keçən gecə Rusiya yenidən Kiyev və daha yeddi vilayəti dronlar, ballistik və qanadlı raketlərlə hədəfə alıb. Bu da elektrikin kəsilməsinə səbəb olub.
visiontv.az