Azərbaycan məsələsi Türkiyədə AKP–MHP ittifaqını sarsıda bilərmi?
22.10.2026

Türkiyədə hakim ittifaqı təşkil edən AKP ilə MHP fərqli ideoloji ənənələrdən gəlirlər. AKP-də dini mühafizəkarlıq, MHP-də isə türk millətçiliyi mühüm yer tutur. Azərbaycan ətrafında yaranmış son gərginlik bu fərqi yenidən üzə çıxarıb.

AKP-nin bəzi deputatları və Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycandakı hicab məhdudiyyətlərini sərt tənqid edərkən, MHP lideri Dövlət Baxçalı türk dövlətlərinin suverenliyinə və daxili qanunlarına hörmət edilməsini vurğulayıb.

Ankara və İstanbulda Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında dini-siyasi qrupların etiraz aksiyaları keçirilib. Sosial şəbəkələrdə MHP-yə yaxın olduğu bildirilən millətçi tələbələrin də bu aksiyalara kəskin etiraz etdiyi, Azərbaycanın daxili işlərinə qarışılmamasını tələb etdiyi barədə videogörüntülər yayılıb.

Burada artıq təkcə hicab məsələsi deyil, iki fərqli siyasi yanaşma üz-üzə gəlir: dini həmrəylik və türk dövlətlərinin milli suverenliyi. Azərbaycanla İsrail arasındakı münasibətlər də bu fərqi daha görünən edir.

Azərbaycan məsələsi AKP–MHP ittifaqı daxilində ideoloji fikir ayrılıqlarını dərinləşdirə bilərmi? Hələlik hakimiyyət böhranından danışmaq tezdir. Amma bu mübahisə böyüyərsə, Türkiyənin hakim ittifaqı üçün ciddi siyasi sınağa çevrilə bilər…

Elbəyi Həsənli

visiontv.az