Yeni Konstitusiyaya qarşı revanşistlərin hücumu başladı
Yeni Konstitusiyaya qarşı revanşistlərin hücumu başladı
26.11.2026 Şöhrət El-Dəniz Tərəfindən

Arxa planda kilsə və diasopa, ön planda isə parlamentdə təmsil olunan revanşist müxalifətdir.

Rəsmi Bakı Ermənistanın yeni Konstitusiya layihəsinə yox, nəticəyə baxacaq məntiqi ən real məntiqdir. Çünki nəticə Paşinyanın dediyi kimi olmaya da bilər. Bu fikri Parlamentdə təmsil olunan revanşist müxalifətin bəyanatları da sübut edir. Parlamentin “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan layihəni sərt tənqid edərək onu “Prezident İlham Əliyevin tələbi ilə yazılmış” sənəd adlandırdı və baş nazirin xarici təzyiq yoxdur arqumentini yalanladı. Təbii ki, Karapetyanın çıxışı Ermənistanda sülhə qarşı olan bütün revanşist qüvvələrin fikridir. Karapetyanın sözlərinə görə, Müstəqillik Bəyannaməsi ölkənin doğum şəhadətnaməsidir və orada Ermənistanın ideoloji əsasları var. Onu çıxarmaq Ermənistanı ideologiyasız qoymaqdır. Karapetyan xüsusi vurğulayır ki, dərc olunmuş mətndə erməni soyqırımı haqqında heç bir xatırlatma belə yoxdur. Karapetyan bunu bütün bir xalqı alçaltmaq cəhdi kimi dəyərləndirir. Əslində revanşistlərin qorxduğu başqa şeylərdir. 30 il ərzində Ermənistan dövləti Qarabağ Ermənistandır ideyası üzərində qurulmuşdu. Müstəqillik Bəyannaməsi, Konstitusiya, məktəb dərslikləri, hərbi doktrina hamısı bu ideyanın üzərində idi. Yeni Konstitusiya layihəsində Bəyannaməyə istinadın çıxarılması o deməkdir ki, bu ideologiyanın hüquqi əsası məhv edilir. Revanşistlərin isə Qarabağı geri alacağıq şüarından başqa proqramları yoxdur. Paşinyan isə deyir ki, biz yalançı tarixi Ermənistandan real Ermənistana keçməliyik. Yəni, biz xəyal ilə yox, reallıq ilə yaşamalıq. Reallıq isə budur ki, Qarabağ Azərbaycandır, Ermənistan kiçik, dənizə çıxışı olmayan, blokadada olan ölkədir və onun yeganə yolu Azərbaycan və Türkiyə ilə sülhdür. Karapetyanın layihədə soyqırım haqqında heç nə yoxdur deməsi də təsadüfi deyil. Çünki uydurma erməni soyqırımı iddiası illərdir Ermənistanın xarici siyasətinin əsas aləti olub. Ermənistan bu iddia vasitəsilə Qərbdən pul, silah-sursat və siyasi dəstək alıb. Yeni Konstitusiyada bu iddianın olmaması o deməkdir ki, Ermənistan artıq dövlət səviyyəsində bunu əsas ideologiya kimi saxlamaq istəmir. Revanşistlər bundan qorxur ki, əgər dövlət bu kartdan imtina etsə, onlar artıq Fransadan, Rusiyadan, ABŞ-dəki ermənipərəst qüvvələrdən dəstək ala bilməyəcəklər. Karapetyan deyir ki, dünyada heç bir münaqişə Konstitusiyaya görə başlamayıb və Paşinyanın Konstitusiya dəyişməsə, müharibə olacaq arqumenti yalandır. Bəli, müharibələr birbaşa Konstitusiyaya görə başlamır. Müharibə Konstitusiyada təsbit olunmuş ideologiyaya görə başlayır. Ermənistanın Konstitusiyası Qarabağa iddia edirsə, bu, Azərbaycan üçün daimi təhlükə deməkdir. Azərbaycan bu təhlükə ilə yaşaya bilməz. Karapetyan təklif edir ki, yeni Konstitusiya hakimiyyət, müxalifət və ictimai təşkilatların iştirakı ilə qəbul olunmalıdır. Bu, gözəl səslənir, amma əslində prosesi dayandırmaq üçün taktikadır. Çünki revanşistlər bilirlər ki, əgər bütün siyasi qüvvələr bir masaya otursa, heç vaxt razılaşma olmayacaq. Amma Paşinyan bu təklifi qəbul etməyəcək. Çünki bilir ki, 2020-ci ilin məğlubiyyəti erməni toplumuna dərs oldu. Bu baxımdan yeni Konstitusiya layihəsinin dərc olunması artıq Paşinyanın qələbəsidir. Çünki o, revanşistləri müdafiə mövqeyinə keçməyə məcbur etdi. İndi onlar sülhə qarşı olduqlarını açıq deməyə məcbur olurlar. Və Ermənistan toplumu bunu görür. Ona görə Ermənistan xalqı indi seçim etməlidir. Ya keçmişin nağılları ilə ya da gələcəyin reallığı ilə yaşamaq? Yeni Konstitusiya onlara məhz bu seçimi verir.

Şöhrət El-Dəniz

visiontv.az