"Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin"-Jirinovski
10.08.2020

Azərbaycanla Türkiyənin birgə hərbi təlimlər keçirməsi bir daha Rusiya rəhbərliyinin və siyasətçilərinin gerçək üzünü tanımağımıza yardımçı oldu.

Onların arasında xüsusi fəallığı ilə seçilənlərdən biri də Rusiya Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovskidir. Putinin əsas sözçülərindən biri sayılan V.Jirinovski əvvəllər Türkiyə ilə Rusiyanın Qarabağ problemini birlikdə həll edə biləcəklərini əminliklə söyləyirdi, lakin indi də tam fərqli mövqedən çıxış edir.

“Ticarət, iqtisadi, hərbi səylərini birləşdirməklə Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsini, eyni zamanda kürd problemini həll etməyə qadirdirlər”.
Jirinovski bunu 2016-cı ildə demişdi. Amma indi isə tamam ayrı söz deyir.
Deyir ki:

"Dağlıq Qağabağla bağlı Minsk qrupunda yer alan Fransa və ABŞ bu işdə heç bir şey əldə edə bilməyəcəklər. Bu məsələni yalnız Rusiya prezidenti həll edə bilər. Biz bu bölgədə farslarla, türklərlə vuruşmuşuq və həmişə erməniləri müdafiə etmişik. Əgər Moskva Qarabağı Ermənistana birləşdirmək üçün qərar versə, onda Azərbaycan da Türkiyə ilə hərbi saziş imzalayacaq və belə olan halda Türkiyə ordusu gəlib Dağıstan sərhədlərində yerləşəcək.

Dağıstanlılar, avarlar, kalmıklar, qaraçaylar hamısı türkdilli xalqlardır. Onda biz nə əldə edəcəyik? Onu əldə edəcəyik ki, Türkiyə şimala doğru hərəkət edəcək. Problem də məhz bundadır. Ona görə də, əgər Türkiyə olmasaydı, indiyə bu məsələ çoxdan öz həllini tapmışdı. Odur ki, Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin. İndi onların arasında hansısa sazişlər, əlaqələr var, amma Azərbaycan hələ ki dayanıqlıq nümayiş etdirərək, müstəqil qərarlar qəbul edir. Əgər biz Ermənistana Qarabağla birləşməyə kömək etsək, onda Azərbaycan Türkiyə ilə birləşmək yolunu seçəcək. Onda nə etməli? Türkiyə isə NATO ölkəsidir"

P.S.

Göründüyü kimi Türkiyənin Azərbaycanla yaxınlaşması bir çoxlarının yuxusuna haram qatıb...
Nə Rusiya, nə İran, nə Çin, nədəki Qərb bundan məmnun deyil. Onlar bu yaxınlaşmaya mane olmaq üçün hər vasitəyə əl atacaqlar.

Bəybala Mirzəyev