"Qərbi Azərbaycan mətbuatı tarixi" kitabı böyük bir zəhmətin və gərgin axtarışların bəhrəsidir
07.05.2024

Dəyərli alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin "Səda" nəşriyyatında nəşr edilmiş "Qərbi Azərbaycan mətbuatı tarixi" kitabı böyük bir zəhmətin və gərgin axtarışların bəhrəsi olaraq oxuculara təqdim edilib.

Elə tarixi mövzular var ki, yazmaq və araşdırmaq üçün bəzən elm, axtarış, arşdırma yetərli olmur. Bundan ötrü o tarixə dərin sevgi və bağlılıq, o tarixlə yaşamaq istəyi əsas qaynağa çevrilir. Cəlal müəllimin bu kitabı ilə tanış olarkən ilk olaraq düşündüyüm də bu oldu: kitabda tarixilik, tarixi faktlar nə dərəcədə dəyərli və əhəmiyyətlidirsə, bu tarixə bağlılıq hissi də müəllifdə o dərəcədə güclüdür. Kitabda yalnız mətbuat tarixini oxumursan, burada itirilmiş yurdlarımızın ağrı-acı dolu bir tarixi ilə tanış olursan. Müəllif mövzuya o səviyyədə bələddir ki, sanki hər sözdə, faktda yox, az qala hər işarədə oxucuya bir tarixi informasiya verir.

Biz bu kitabda yalnız mətbuat tarixini öyrənmirik, eyni zamanda, bu bölgədə yaşamış işqlı insanların fəaliyyətini öyrənirik. Və çoxlu sayda dəyərli ziyalılarımızın fəaliyyətlərindən bu kitabda yeni bilgilər əldə edirik. Faktlar dəqiqliyi ilə oxuculara təqdim olunur və yoruculuq yaratmır.

Kitabda Qərbi Azərbaycandakı ictimai-siyasi və ədəbi-mədəni mühitin geniş təqdimatı ilə yanaşı, anadilli mətbuatımız haqqında da maraqlı məlumatlar vardır.

Cəlal müəllim ilk öncə Azərbaycan mətbuatı haqqında bilgilər verir və hələ XIX əsrin sonlarından başlayaraq nəşr edilən "Əkinçi", "Ziya", "Kəşkül" mətbuat orqanlarımızla əlaqə saxlayan Qərbi Azərbaycan ziyalıları haqqında maraqlı məlumatlar yazır.

Müəllif bu bölgədə ilk mətbuat orqanı olaraq nəşr edilən "Lək-Lək" jurnalı haqqında, onun müəllifləri və fəaliyyəti ilə bağlı yeni məlumatları oxuculara çatdırır. Bu jurnalın nəşrində mühüm xidmətləri olmuş dəyərli ziyalımız Cabbar Əsgərzadənin xüsusi rolunu qeyd edir. Onun görkəmli ziyalı Məmməd Tağı Sidqi ilə yazışmalarını önə çəkir. Məhz bu yazışmalardan öyrənirik ki, jurnalın nəşrinə molla nəsrəddinçilərin cəlb edilməsi əsas fikir olaraq qəbul edilir.

Cəlal müəllim Qərbi Azərbaycanda ilk mətbuatın işıq üzü görməsini belə təqdim edir: "1914-cü ilin fevralın 22-də Qərbi Azərbaycan mədəniyyəti və mətbuatı tarixində əlamətdar bir hadisə baş verdi. Həmin gün İrəvan ziyalılarının illər boyu həsrətlə gözlədikləri ilk mətbuat nümunəsi işıq üzü gördü. Cabbar Əsgərzadənin redaktorluğu və Mirməhəmməd Mirfətullayevin naşirliyi ilə çıxan "Lək-Lək"in ilk sayının işıq üzü görməsi xəbəri İrəvan quberniyasında böyük əks-səda verdi, nəşrinin sorağı bütün Cənubi Qafqaza yayıldı".

Müəllif kitabında Qərbi Azərbaycanda nəşr edilən ikinci mətbuat orqanı olan "Bürhani-həqiqət" məcmuəsi haqqında da yeni bilgilər təqdim edir. Yazır ki, 1914-cü ilin iyun ayının 30-da 12-ci nömrəsi çıxdıqdan sonra "Lək-Lək" jurnalı nəşrini dayandırdı. 1917-ci ilin yanvarın 1-də Əli Məhzunun redaktorluğu və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə "Bürhani-həqiqət" (yəni həqiqətin dəlil və isbatı) adlı jurnalın ilk sayı işıq üzü gördü. Müəllif jurnalın 1 və 2-ci saylarında çap edilən "Həqiqət" adlı redaksiya məqaləsinin əhəmiyyətini qeyd etdikdən sonra yazır: "Bürhani-həqiqət" ədəbiyyatın, maarifin, mədəniyyətin, təbliğatçısı olmaqla yanaşı, həm də geniş coğrafiyada yayılmış, Cənubi Qafqaz hüdudlarından çox-çox uzaqlarda olan mətbuat orqanları ilə də əlaqə saxlamış, öz səsini Orta Asiyayadək çatdıra bilmişdir".

Bu dəyərli araşdırmalarını davam etdirən Cəlal müəllim sovet dövründə nəşr edilmiş Qərbi Azərbaycan mətbuatını da unutmur, ilk nəşr edilən "Rəncbər" qəzetindən başlayaraq digər nəşr nümunələri haqqında da oxuculara geniş bilgilər verir. Biz bu tədqiqat əsərindən sovet rejimi dövründə nəşr edilmiş "Zəngi", "Qızıl Şəfəq", "Kommunist", "Sovet Ermənistanı" qəzetləri, "Xalq maarifi" jurnalı haqqında dəyərli məlumatlar əldə edirik.

Dəyərli tədqiqatçımız olan C.Abdullayevin oxuculara təqdim edilən 276 səhifəlik kitabının hər sətri və cümləsi məna yükü ilə, faktlarla zəngindir. Bu kitaba belə yanaşma ilə də dəyər vermək mümkündür: tariximizi yaşadan abidə!

Nəsiman YAQUBLU 

tarix elmləri doktoru

visiontv.az